Xəbərlər

160 nömrəli Klassik Gimnaziyanın 6A sinfinin şagirdləri Atəşgaha ekskursiya ediblər

Bakı, 4 noyabr (AZƏRTAC). Bu günlərdə Bakı şəhərinin 160 nömrəli Klassik Gimnaziyanın 6A sinfinin şagirdləri Atəşgaha maraqlı ekskursiya edib, həmçinin Yanardağı gəziblər. Məktəblilərə interaktiv tarixi materiallarla yanaşı yenilənmiş və bərpa edilmiş ekspozisiyalar göstərilib, Atəşgahın tarixi barədə danışılıb. Alov bir zamanlar azərbaycanlıların həyatında böyük rol oynayıb. O, insanlarda hörmət hissi yaradıb. İnsanlar onu ilahiləşdirib, şəninə məbədlər tikiblər. Belə yerlərdən biri də, “Alov evi”, “Alov yeri” mənasına gələn Atəşgahdır.
 
Atəşgah – qədim mənbələrdə Azərbaycan, xüsusilə də Bakı bölgəsi əbədi odların yandığı yer kimi qeyd edilib. Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir.
 
Erkən orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəstlik, yəni zərdüşt dininə sitayiş edirdi. VII əsrdə islam dininin yayılması ilə əlaqədar başlanan və üç yüz il davam edən ərəb ekspansiyası dövründə zərdüştliyə sarsıdıcı zərbə vurulur.
 
Atəşpərəstlər təqib olunur, atəşgahlar dağıdılır. Güman olunur ki, indiki Atəşgahın yerində qərar tutmuş qədim Od Məbədi də məhz ərəb istilası dövründə dağıdılıb. XV əsrdən sonra Hindistanla yaranan iqtisadi və mədəni əlaqələrin inkişafı nəticəsində hindli atəşpərəstlər yenidən Abşerona gələrək, Suraxanı Atəşgahını bərpa edirlər. XVII-XVIII əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. 
 
Hazırda sahəsi 1368 kvadratmetr, yaxud 0,14 hektar olan “Atəşgah” 1972-ci ildən muzey kimi fəaliyyət göstərsə də, 1975-ci ildə bərpa edildikdən sonra Dövlət Tarix-Arxitektura Muzey-Qoruğunun filialına çevrilmişdir.
 
Abşeron yarımadasının Məhəmmədi kəndində “Yanardağ” adlı yer var. O, sözün həqiqi mənasında yanır.
 
Bu təbiət möcüzəsinə uzaqdan tamaşa edəndə insana elə gəlir ki, dağın yamacında qiymətli daşlardan ibarət xəzinə bərq vurur.
 
“Yanardağ”la bağlı çoxlu əfsanələr söylənilir. Deyilənə görə, qədim zamanlarda dünyanın müxtəlif yerlərindən, xüsusilə də Hindistan və İrandan atəşpərəstlər odlar yurdu Azərbaycana toplaşardılar. “Yanardağ” indi də Rusiya, Almaniya, Yaponiya, Koreya, Norveç və digər ölkələrdən gələn turistlərin diqqətini cəlb etməkdədir.
 
“Yanardağ”ın möcüzəsi təkcə dağın yamacından qalxan alov dilimləri ilə bitmir. Dağın ən yüksək yerində “Qurd darvazası” adlı bir mağara var. Sakinlərin sözlərinə görə, keçmişdə bu mağara qurd sürülərinin məskəni imiş. Amma divarlardakı rəsmlər mağaranın ibtidai insanların məskəni olduğunu göstərir.
 
160 nömrəli Klassik Gimnaziyanın 6A sinfinin şagirdləri bütün bunlar barədə informasiya əldə ediblər.