N

Nayrobi

 
 
Keniyanın paytaxtı.
 
Şəhərin adı masay dilində sərin sular mənası verən “Ewaso Nyirobi” adlı su hövzəsindən götürülüb.
 
1899-cu ildə Mombasa və Kampala şəhərləri arasındakı bataqlıq ərazidə Uqanda dəmir yolu stansiyası tikilir və bu stansiyanın yerində şəhər salınır.
 
1900-cu ildə vəba epidemiyasından sonra şəhər yenidən qurulur və 1905-ci ildə Britaniyanın protektoratı olan Keniyanın paytaxtına çevrilir.
 
Dəniz səviyyəsindən 1660 metr hündürlükdə yerləşən Nayrobi əhalisinin sayına görə şərqi Afrikanın ən böyük şəhəridir. 2009-cu ilə olan məlumata əsasən əhalinin sayı 3 milyon nəfərdən çoxdur.
 
1998-ci ildə Nayrobidəki Amerika Birləşmiş Ştatlarının səfirliyinə Əl-Qaidənin etdiyi hücum nəticəsində aralarında səfirlik və təhlükəsizlik xidməti əməkdaşlarının da olduğu 200-dən çox insan öldürülmüş, 2013-cü il sentyabrın 21-də isə 16 silahlının “Nakumatt Westgate” ticarət mərkəzində törətdiyi terror aktı isə 67 nəfərin həyatına son qoymuşdu.