Şeirlər

Əhməd Cavad. Göygöl

Dumanlı dağların yaşıl qoynunda

Bulmuş gözəllikdə kamalı Göygöl.

Yaşıl gərdənbəndi gözəl boynunda:

Əks etmiş dağların camalı Göygöl!

 

Yayılmış şöhrəti Şərqə, Şimala,

Şairlər heyrandır səndəki hala.

Dumanlı dağlara gələn suala

Bir cavab almamış soralı Göygöl!

 

 

Bulunmaz dünyada bənzərin bəlkə,

Zəvvarın olmuşdur bu böyük ölkə.

Olaydı könlümdə bir yaşıl kölgə

Düşəydi sinənə yaralı, Göygöl!

 

Sənin gözəlliyin gəlməz ki, saya,

Qoynunda yer vardır, ulduza, aya.

Oldun sən onlara mehriban daya,

Fələk büsatını quralı, Göygöl!

 

Kəsin eyşi-nuşi, gələnlər, susun!

Dumandan yorğanı, döşəyi yosun.

Bir yorğun pəri var: bir az uyusun.

Uyusun dağların maralı Göygöl!

 

Zümrüd gözlərini görsünlər deyə,

Şamlar boy atmışdır, uzanmış göyə.

Keçmişdir onlara qəzəbin niyə,

Düşmüşlərdir səndən aralı, Göygöl!

 

Dolanır başına göydə buludlar,

Bəzənmiş eşqinlə çiçəklər, otlar,

Öpər ayağından qurbanlar, otlar,

Ayrılıq könlünü qıralı, Göygöl!

 

Bir sözün varmıdır əsən yellərə?-

Sifariş etməyə uzaq ellərə...

Yayılmış şöhrətin bütün dillərə,

Olursa, olsun qoy haralı, Göygöl!