Görkəmli şəxsiyyətlər

Astrid Lindqren

Astrid Lindqren 1907-ci il noyabrın 14-də İsveçin cənubunda, xutorda kəndli ailəsində anadan olub. Yazıçı tez-tez çoxsaylı oyunlar və macəralarla dolu xoşbəxt uşaqlıq illərindən danışarmış. Sonralar onu yaradıcılığa ruhlandıran da məhz uşaqlıq xatirələri olub.
 
Atasından, yaxud dostlarından eşitdiyi lətifə, nağıl, hekayələrin çoxu sonralar onun əsərlərində əksini tapıb. Yazı-pozu öyrənən kimi onda yazıçılıq istedadı üzə çıxıb, yazıb-yaratmaq eşqi oyanıb. Məktəbi bitirəndən sonra yerli qəzetdə işləyib. Sonra Stokholma köçüb. 1926-cı ildə Lars adlı oğlu, 1934-cü ildə isə Karin adlı qızı dünyaya gəlib. Lindqren yazıçının həyat yoldaşının soyadıdır.
 
Astrid Lindqrenin 1944-cü ildə yazdığı “Uzuncorab Peppi” nağılı yazıçının qızına hədiyyəsidir. Kitab çox qısa müddətdə populyar olub, bir neçə mükafata layiq görülüb. Naşirlər müəllifə başa salıblar ki, yazıçılıqla çörək pulu qazana bilər.
 
Dünyada tanınmasına baxmayaraq, İsveçin Uşaq və Tədris Ədəbiyyatı üzrə Dövlət Komissiyası ilə müəllif arasında uzun illər narazılıq olub. Rəsmi pedaqoqların fikrincə, Lindqrenin nağılları yetərincə tərbiyəvi əhəmiyyət daşımayıb.
 
1957-ci ildə A.Lindqren ədəbi nailiyyətlərinə görə İsveç dövlətinin mükafatına layiq görülən ilk uşaq yazıçısı olub. O, həm də həyatda ikən abidəsi ucaldılan ilk qadındır. A.Linqrenin abidəsi Stokholmun mərkəzindədir. O, abidəsinin təntənəli açılış mərasimində iştirak edib. Astrid Lindqren 2002-ci il yanvarın 28-də 95 yaşında Stokholmda vəfat edib.