H

Harvard Universiteti

Harvard University
 
Amerika Birləşmiş Ştatlarının və dünyanın ən məşhur universitetlərindən biri
 
ABŞ-ın ən qədim ali təhsil ocağıdır. Əsası 1636-cı il sentyabrın 8-də qoyulub. İki il sonra ingilis missioneri Con Harvardın vəsiyyəti ilə, onun mülkünün yarısı və şəxsi kitabxanasında olan 400 nadir kitab bu təhsil müəssisəsinə bağışlanıb. 1639-cu ildə kollecə minnətdarlıq əlaməti olaraq Harvardın adı verilib. 
 
XIX əsrin əvvəllərində kollec tədricən universitetə çevrilib. 1810-cu ildən burada tibb və 1817-ci ildən hüquq elmləri tədris edilməyə başlayıb.
 
Harvard universitetinin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Bu universitet dünyada ən böyük endaumentə (məqsədli kapital) malikdir. 2010-cu ilin sentyabr ayına olan məlumata görə həmin göstərici 27,4 milyard dollar təşkil edirdi.
 
Hazırda universitetin bir neçə muzeyi (botanika, müqayisəli zoologiya, geologiya və mineralogiya, arxeologiya və etnologiya muzeyləri və başqaları), bioloqların tədqiqatlar apardığı meşə massivi də mövcuddur. Eyni zamanda Pibbodi Arxeologiya-Etnoqrafiya Muzeyi və Harvard Tarix Muzeyi kimi filialları fəaliyyət göstərir. Universitetinin kitabxanası isə qitənin ən böyük akademik kitabxanası sayılır.
 
Bu təhsil ocağına qəbul qaydaları çox sərtdir: sənədlərini təqdim edənlərin yalnız 20 faizə qədəri onun tələbəsi ola bilir. 
 
2010-cu ilə olan məlumata görə, universitetdə 2100-ə qədər müəllim dərs deyir, 6700 tələbə və 14500 aspirant təhsil alır. 
 
Harvard Universitetinin məzunları arasında bir çox dünya şöhrətli şəxslər var. Amerika Birləşmiş Ştatlarının 8 prezidenti - Con Adams, Con Kuinsi Adams, Rezerford Heyz, Teodor Ruzvelt, Franklin Ruzvelt, Con Kennedi, Corc Uoker Buş və Barak Hüseyn Obama bu universitetdə təhsil alıblar. 49 Nobel mükafatı laureatı, bu universitetin ya müəllimi, ya da tələbəsi olub. Bundan başqa  Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri xanım Qro Harlem Brutland, Avropa Komissiyasının keçmiş sədri və İtaliyanın keçmiş baş naziri Romano Prodi, Meksikanın hazırkı prezidenti Vinsent Foks və eks-prezidenti Karlos Salinas, Microsoft şirkətinin yaradıcısı Bill Qeyts və başqaları da Harvard Universitetinin məzunlarıdır. 
 
1912-ci ildə kəşf olunmuş asteroid (736) Harvard Universitetinin adı ilə adlandırılıb.