X

Xardal

Sinapis
 
Xaççiçəklilər fəsiləsindən olan birillik ot bitkisi
 
Vətəni Aralıq dənizi ölkələridir. Ağ, qara və qırmızı xardal növləri geniş yayılıb.
 
Bitkinin hündürlüyü adətən 0,5-1 metr olur. Tərkibində növündən asılı olaraq 7,2-7,6  faizə qədər su, 27,6-29,1 faizə qədər azot, 32,7-33,8 faizə qədər yağ, 0,87-0,93 faizə qədər efir yağı və başqa elementlər, həmçinin siniqrin və sinalbin qlükozidləri var. 
 
Yüksək keyfiyyətli yağla zəngin olduğu üçün bu bitkinin toxumundan yağ istehsalında xammal kimi istifadə olunur. Yerdə qalan hissəsindən üyüdülmüş xardal tozu əldə edilir və ondan süfrə xardalı hazırlanır. Bundan başqa, xardaldan zərərli mikroorqanizmlərin artmasının qarşısını alan allil və sinapin yağları, kalium-hidrosulfat və qlükoza da alınır.
 
Xardaldan tibdə də geniş istifadə olunur. Onun mədə və bağırsaq fəaliyyətini, qan dövranını nizamlamaq, həzmi asanlaşdırmaq, iştahanı artırmaq, qəbizliyi aradan qaldırmaq kimi faydası var. Sidikqovucu təsirə malik olan bu bitki, həmçinin tənəffüs yolu xəstəliklərinin (bronxitin, plevritin, pnevmoniyanın) müalicəsində, revmatizm və artrit zamanı da xeyirlidir. Ağrıkəsici və sakitləşdirici təsirə malikdir.