Təbiət

Cənubi Afrika yay dovşanı (Pedetes capensis)

Cənubi Afrika yay dovşanı (Pedetes capensis) gəmiricilər dəstəsinə aid məməli heyvandır. Görünüş olaraq kenquruya bənzəyir. Bədənin uzunluğu 35-45 sm, quyruğu  48 sm-ə qədər, çəkisi 4 kq-a qədər olur. Arxa əzalar ön ayaqlardan daha böyük və uzundur. Ön ayaqları beşbarmaqlıdır, iti caynaqlıdır, qazmağa uyğunlaşdırılmışdır. Uzun quyruğu var, sıx tüklərlə örtülmüşdür. Qulaqları uzun (8 sm-ə qədər) və dardır. 

 

Mərkəzi və Cənubi Afrikada yayılmışdır. Bitkilərin yerüstü və şirəli yeraltı hissələri, həşəratlarla qidalanır. Heyvanlar gecələr aktivdirlər və günlərini özləri qazdıqları yuvalarda keçirirlər. Qorxduqları zaman arxa ayaqları ilə 6 m və ya daha uzağa sıçrayışlar edə bilərlər.