U

Uzun Həsən

Həsən bəy Bayandur
 
Ağqoyunlu dövlətinin banisi, mənşəcə Oğuz türklərindən olan sərkərdə və dövlət xadimi
 
1423-cü ildə anadan olub.
Uca boylu olduğuna görə "Uzun Həsən" ləqəbini alıb. Qara Yuluq Osman Bəyin nəvəsidir. Trabzon imperatoru IV İohanın qızı Dəspinə xatunla evlənib və bu izdivacdan Uğurlu Məhəmməd, Maqsud bəy, Zeynal bəy, Sultan Xəlil, Mirzə Yaqub, Yusif Mirzə və Məsih Mirzə adlı 7 oğlu olub. O, bacısını Şeyx Cüneydə (Şah İsmayıl Xətainin babası), qızı Aləmşahbəyimi isə Şeyx Cüneydin oğlu Şeyx Heydərə ərə verib.
 
Uzun Həsən Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər qurub.
 
Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarininin yol qeydlərində maraqlı məqamlar var. O yazır: "Uzun Həsən çox yeyir, az qala fasiləsiz olaraq şərab içir və öz qonaqlarına qulluq etməyi sevir. Onun yanında həmişə rəqqasələr və müğənnilər olur. Onlar Uzun Həsənin əmri ilə oxuyub-oynayırlar. Ümumiyyətlə, o, şən xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişidir və üzündə tatar cizgiləri var."
 
Uzun Həsən Ağqoyunlu tayfalarını birləşdirir, Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurur. Özünə qərb dövlətləri arasında müttəfiqlər axtarır, bir neçə Avropa ölkəsindən odlu silah almaq üçün danışıqlar aparır. 
 
1467-ci ildə Muş düzündə Cahanşahı məğlubiyyətə uğradır Qaraqoyunlu dövlətini süquta yetirir. Mahmudabad döyüşündə Əbu Səidi məğlub edərək Teymurilər dövlətini zəiflədir. 
 
Daha sonra paytaxtı Təbriz şəhəri olan böyük Ağqoyunlu dövləti qurur. 
 
İlk növbədə ölkə iqtisadiyyatının inkişafına təkan vermək üçün bir sıra islahatlar aparır və "Padşah Həsənin qanunları" adı ilə məşhurlaşan qanunnamə qəbul edir. Vergilərin yığılması qanuniləşir və sistematik  şəkil alır, sənətkarlıq və ticarət inkişaf edir, xəzinə dolur və Azərbaycanda mərkəzləşdirilmiş dövlət yaranır.
 
Uzun Həsən ordunu təkmilləşdirmək məqsədi ilə Avropadan hərbi mütəxəssislər dəvət edir. Odlu silah, o cümlədən top istehsalına başlanılır, topçu kadrlar hazırlanmasının əsası qoyulur. 
 
Eyni zamanda tikinti işləri geniş vüsət alır, Təbrizdə örtülü Qeysəriyyə bazarı, Nəsriyyə universiteti ilə birlikdə möhtəşəm məscid və digər ictimai binalar da tikilir. Sarayda alimlər məclisi təşkil olunur, zəngin kitabxana yaradılır. 
 
Osmanlı İmperiyası əleyhinə yaradılmış koalisiyanın daha da möhkəmləndirilməsinə çalışan Uzun Həsən Sultan II Mehmetə qarşı bir neçə döyüş aparır. 
 
1478-ci il yanvarın 5-də vəfat edir və özünün tikdirdiyi Nəsriyyə məscid kompleksində dəfn olunur. 
 
Onun vəfatından təxminən 20 il sonra Ağqoyunlu dövləti iki yerə parçalanır. 1501-ci ildə isə Şah İsmayıl Ağqoyunlu dövlətinin mövcudluğuna son qoyur.