Görkəmli şəxsiyyətlər

Fətəli xan Əfşar

Nadir şahın ölümündən sonra onun yanındakı Urmiya döyüşçülərinə başçılıq edən Fətəli xan Əfşar Ərəşlu müstəqil Urmiya xanlığının əsasını qoydu. Nadir şahın Bağdada yürüşündə fərqlənmiş Fətəli xan ordunun çərxəçibaşı təyin olunmuşdu. 

 

Nadir şahın ölümündən sonra Fətəli xan Əfşar vətənə qayıdaraq, hələ I Şah Abbasın hakimiyyəti dövründə Əfşar tayfa başçılarının tituluna verilən Urmiya vilayətini müstəqil olaraq idarə etməyə başlamışdı.

 

Fətəli xan Əfşar Məhəmmədhəsən xan Qacarın, Kərim xan Zəndin və İran və Azərbaycanda hakimiyyət uğrunda mübarizə edən başqalarının hücumuna qarşı müqavimət göstərmək məqsədi ilə Urmiya əhalisini sürətlə silahlandırır və xanlığın müdafiəsi üçün lazimi tədbirlər görür.

 

Fətəli xan Azad xanla birləşdikdən sonra öz torpaqlarını genişləndirmək və Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirmək niyyətinə düşür. O, ayrı-ayrı feodalların və mahal bəylərinin hüquqlarını məhdud­laş­dırmaq yolu ilə öz dövlətini daha da qüvvətləndirirdi.

 

Fətəli xan Xoy xanı Şahbaz Dünbüli ilə diplomatik danışıqlar apararaq Xoy xanlığının Urmiya xanlığı ilə birləşdirməsinə nail ola bildi. Şahbaz xan Dünbülü öz ailə və xəzinəsini möhkəmləndirilmiş Urmiya qalasına köçürdərək həmin ittifaqa öz sadiqliyini bildirdi. Hər iki xanlığın silahlı dəstələri birləşərək güclü bir qüvvəyə çevirildi.

 

Azad xan sərdarlıq titulu alaraq birləşmiş qüvvələrin baş komandanı təyin edildi. Bundan sonra Qaracadağlı Kazım xan, Musa xan Əfşar və tabe olmaq istəməyən bir sıra başqa xanlarla qanlı müharibələr aparıldı. Bütün bu müharibələr Urmiya xanlığının xeyrinə və onun qələbəsi ilə qurtardı. 1748-ci ildə Marağa, bir az sonra isə Təbriz şəhəri Urmiya xanlığına tabe edildi. Fətəli xan öz paytaxtını Urmiyadan Təbrizə köçürtdi. Bu zaman Urmiya xanlığının ixtiyarında on beş min əfqan, on beş mindən artıq əfşar, Dünbülü ellərindən kürd və başqa tayfalarından ibarət döyüşçü dəstələri var idi.

 

Təbrizlə Urmiya xanlığının Fətəli xan Əfşarın hakimiyyəti altında birləşdirilməsi, Azad xanın öz qoşunları ilə həmin dövlətə qulluq göstərməsi Fətəli xanın daha artıq qüdrət və nüfuz qazanmasına səbəb oldu. O, qonşu xanlıqları özündən asılı vəziyyətə salmağa və torpaqlarını daha da genişləndirməyə çalışırdı. Fətəli xan Qaradağ və Sərab xanlıqlarına qoşun yeridərək özündən asılı vəziyyətə saldı.

 

Həmin dövrdən etibarən Fətəli xan Azərbaycan və İran torpaqlarına (Səfəvi dövləti sərhədləri daxilindəki ərazinin) hökmranlıq uğrunda mübarizə aparan Kərim xan Zənd və Məhəmmədhəsən xan Qacarla rəqabət aparmağa başladı.

 

Fətəli xan öz məqsədlərini həyata keçirmək üçün Qarabağa, Gürcüstana və İrəvana elçilər göndərərək birləşmək və ittifaq bağlamağı onlara təklif etdi. Lakin onun təklifinə bu xanlıqların hakimləri rədd cavabı verdilər. Bununla əlaqədar olaraq, 1751-ci ildə Azad xan böyük ordu ilə İrəvana hərəkət edir.

 

Qeyd etmək lazımdır ki, Fətəli xanın İrəvana hücumunun səbəblərindən biri də qisas almaq məqsədi daşıyırdı. Hələ 1748-ci ilin əvvəllərində irəvanlı Mir Mehdi xanın Urmiyaya qarşı hərbi səfəri olmuşdu. Bu hücum zamanı Fətəli xan məğlub olaraq Mir Mehdi xana müəyyən güzəştlər getməyə məcbur olmuşdu.

 

Azad xanın ordusu İrəvan xanlığına hücum edərək onun paytaxtını təhlükə altına aldı. Ağır vəziyyətə düşən İrəvan xanı gürcü çarı Teymurazdan kömək istədi. Bu çağırışa cavab olaraq çar Teymuraz başda oğlu II İrakli olmaqla yaxşı silahlandırmış qoşununu İrəvan xanının köməyinə göndərdi, Azad xanı geri qayıtmağa məcbur etdi və çoxlu qənimət əldə etməyə nail oldu.

 

Bundan sonra Fətəli xan bütün ehtiyat qüvvələrini Azad xanın köməyinə göndərərək ona dərhal hücuma keçməyi əmr etdi. Azad xan Gürcüstana hücüm etdi. Baş verən döyüşdə hər iki tərəfdən çoxlu adamlar həlak oldu və nəhayət gürcülər ağır məğlubiyyətə uğrayaraq qaçmağa məcbur oldular. II İrakli Fətəli xanla sazişə girməyə məcbur oldu.

 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, tarixi sənədlərdə və mövcud olan ədəbiyyatda Fətəli xan Əfşarın Qarabağa hücumu, onun tarixi haqqında məlumat çox səthi və yanlışdır. İlk dəfə olaraq Fətəli xanın Qarabağa hücumu haqqında açıqlamaları və onun dəqiq tarixini tədqiqatçı Dəlili vermişdir. Onun yazdığına görə Fətəli xan Qarabağ xanlığının ayrı-ayrı mahallarını tutaraq xanlığın paytaxtı Şuşanı mühasirəyə aldı. Fətəli xan Şuşa qalasına yaxınlaşarkən Pənahəli xandan narazı olan Talış, Çiləbörd məlikləri və Qarabağ mahallarının başqa bir sıra bəyləri öz silahlı dəstələri ilə ona qoşuldular.

 

Şəhər əhalisinin qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, Fətəli xanın qoşunları gündən-günə qalaya doğru irəliləyirdilər. Nəticədə Pənahəli xan zahiri olsa da sazişə gəlməyə məcbur oldu və dövrün qaydasına uyğun tabeçilik əlaməti olaraq oğlu İbrahimxəlil ağanı çoxlu qulluqçu və hədiyyələrlə Fətəli xanın yanına girov göndərdi.

 

Fətəli xan Əfşar güclü ordu yarada bilmişdi. Xanın daimi silahlı dəstələri isə qismən kənd təsərrüfatı işlərindən azad edilmiş muzdlu əsgərlərdən ibarət idilər. Onların sayı dörd mindən beş minə qədər çatırdı. Urmiya xanlığında olan daimi dəstələr öz geyim formaları və hərbi intizamı ilə digər xanlıqların hərbi dəstələrindən fərqlənirdilər. Urmiyadaki daimi silahlı dəstələr piyada, atlı və zəmburəkçi-topçu dəstələrinə bölünürdü.

 

Urmiya xanlarının müntəzəm döyüşçü dəstələrinə, daşıdıqları formaya görə «qara-çuxalılar» adı verilmişdi. Zəmburəkçi-topçu dəstəsinin də özünə məxsus görkəmi və geyimi var idi.

 

«Qara-çuxalılar» inzibati bölgüyə görə on, yüz və min nəfərə ayrılırdılar ki, bunları onbaşı və ya dəstəbaşılar, yüzbaşı və ya sultanlar, minbaşı və ya sərhənglər idarə edirdi. Min nəfərlik dəstəyə eyni zamanda bir «foc» da deyilirdi. Hər foca bir sərhəng müavini (yavər), on sultan, çoxlu naib (sultanların müavinləri) və yüz nəfər onbaşı komandanlıq edirdi. Hər focun özünün piyada, atlı, zəmburəkçi-topçu dəstələri var idi.

 

Qara-çuxa dəstələrinə döyüşçülər çox vaxtlarda yoxsullaşmış bəylərdən, onların qohumlarından, maaflardan, həvəskarlardan və s. qəbul edilirdi.

 

1828-ci il Türkmənçay müqaviləsindən sonra Urmiya xanı da İran tərəfində qalan digər vilayətlərin hakimləri kimi Abbas Mirzə ilə sazişə girməyə məcbur olur. Maraqlıdır ki, Təbriz, Marağa, Qaracadağ və başqa xanlar şahzadəyə kömək üçün hər biri bir foc silahlı dəstə göndərdikləri halda, Urmiya hakimləri iki nizami foc göndərmişdi.

 

Urmiya xanlığının silahlı dəstələrinin miqdarını və onların döyüş qabiliyyətini göstərmək üçün aşağıdakı bir faktı misal gətirmək olar. Urmiyalı Fətəli xan Əfşar Kərim xan Zəndlə apardığı müharibə zamanı ona qarşı 80.000 nəfərlik ordu çıxara bilmiş və onu İranın cənubunda olan Kuh Gəlüyə qalasına qaçmağa məcbur etmişdi.