Odlar Yurdu

Havası loğman, suları məlhəm Lerik

Şərqdən mavi Xəzərlə, qərbdən canlı muzeyi xatırladan sıra dağlarla, sıx meşələrlə əhatələnən Lerikin gözəlliyi onu görən hər kəsi ilk baxışda valeh edir. Lerikin ən uca zirvələri Kömürgöy və Qızyurdu dağlarıdır. Bakıdan 325 kilometr aralıda yerləşən Lerikdə tarixin yadigarları olan çoxsaylı abidələr var. Burda Lerikin çox qədim yaşayış məskənlərindən olduğuna dəlalət edən mağaralara da rast gəlmək olar. Qədim zamanlarda ibtidai insanlar bu mağaralardan yaşayış məskəni kimi istifadə edirdilər. Mağaraların bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olduğu ehtimal edilir.
 
Dağlarda eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələrindən sayılan Oğlan və Qiz qalaları ucalır. Müdafiə məqsədi ilə tikilən bu qalalara saxsı borularla bulaq suları çəkilib. Qala bürcləri orjinal arxitekturaya malikdir. Ehtimallara görə, Lerik qədim albanların məskəni olub və onlara məxsus qəbiristanlıq hələ də qalır.
 
Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən «Qızyurdu» adlı qədim yaşayış məskəni, Baba İsa türbəsi bölgənin zəngin tarixindən soraq verir. Müxtəlif vaxtlarda bu torpağa ayaq basan məşhur səyyahlar Lerikin təbiətinə və tarixi abidələrinə heyran qalıblar. Fransız yazıçısı və səyyahı Aleksandr Düma Lerik meşələrindən keçərək Hovil kəndinə gedib. O, əsərlərində bu diyarın gözəlliklərini vəsf edib, əhalinin qonaqpərvərliyindən söhbət açıb.
 
Digər bir fransız arxeoloqu və səyyahı Morqan Leriknin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparıb. O, bir neçə mərtəbəli qəbirlərdən tapdığı maddi mədəniyyət nümunələrini özü ilə Fransaya aparıb. Həmin eksponatlar Paris muzeylərində saxlanılır. Səyyah, etnoqraf-tarixçi Berezin buranın yerli əhalisinin çox qədim xalq olduğunu qeyd edib. 
 
Lerik həm də dağ çayları ilə zəngin bir diyardır.  Sors, Zuvand, Bilnə, Ləkər və digər çaylar bu yerlərin təbiətinə xüsusi gözəllik qatır. Qeyri-adi iqlimə malik olan Lerikin qərbində havadan qar qoxusu gələndə şərqində hələ meyvə yığılır. Şimalında aramsız yağışlar yağanda cənubunda torpaq susuzluqdan cadar-cadar olur. Bir yanında soyuqdan üşüyəndə, o biri tərəfində kölgəlik axtarırsan. Aranında biçin qurtaranda yaylağında ot təzəcə göyərir. Ümumiyyətlə, mülayim iqlimə malik olan Lerikdə yayda orta temperatur +20 - +25 dərəcədən yuxarı qalxmır. 
 
Yol boyu uzanan  meşəliklərdə salınmış istirahət və əyləncə mərkəzləri turistləri öz rahatlığı ilə cəlb edir. Müalicəvi əhəmiyyətli Bülüdül və Zuvand bulağı gələn qonaqların şəfa tapmasına vəsilə olur. Havası loğman, suları məlhəm, bitkiləri can dərmanı olan Lerik uzunömürlülər diyarı kimi də məşhurdur. Buranın balı, qaymağı və digər təbii nemətləri əsl sağlamlıq mənbəyidir.
 
Lerikdə yaşı 100-ü ötmüş insanlarla tez-tez rastlaşmaq olur. 163 il ömür sürən Lerik sakini Şirəli Müslümov uzunömürlülük üzrə Ginesin rekordlar kitabına düşüb. Digər bir lerikli Mahmud Eyvazov isə 150 il yaşayıb. Təsadüfi deyil ki, Lerikdə dünyanın heç bir yerində rast gəlməyən “Uzunömürlülər muzeyi”  fəaliyyət göstərir. Bu muzeyin iki mindən çox eksponatı var.