Təbiət

Alp dağları Avropanın köksündə ucalan dağ sistemidir

Qərbi Avropanın ən hündür dağ sistemi olan  Alp dağları Fransa, Monako, İtaliya, Avstriya, Almaniya, İsveçrə, Lixtenşteyn və Sloveniyanın ərazilərini əhatə edir. Başlanğıcını  Aralıq dənizi sahillərindən götürən dağ silsiləsi Dunay düzənliyində başa çatır. Alp dağları Avropanın ən tanınmış sıra dağlarıdır. 
 
Alp dağlarının yamaclarında lap qədimlərdən müxtəlif xalqlar yaşayıblar. Bu dağlar  tacirlərin və qoşunların hərəkəti istiqamətində az qala dəfedilməz maneəyə çevrilib.  Dağ aşırımlarının, çəmənlik və  faydalı qazıntıların harada olduğunu yaxşı bilən yerli sakinlərə bu biliklər yetərli olub. Onlar çalışıblar ki, lüzumsuz yerə dağ yollarından keçməsinlər. Çünki qar fırtınaları, uçqunlar, şiddətli soyuqlar, güclü külək və yalnız uca şüvüllər sayəsində seçilən yollar bu yerlərdə səyahəti təhlükəli edib. 
 
Qərbi Avropanın ən uca  dağ sistemini yalnız XVIII əsrin sonlarında tədqiq etməyə  başlayıblar. 1786-cı ildə bu dağ silsiləsinin ən uca zirvəsi – İsveçrə, Fransa və İtaliyanın sərhədində yerləşən Monblan dağı fəth olunub. Monblana ilk dəfə Jak Balma və Mişel Pakkar qalxıblar. Onlardan sonra bu dağlara tədqiqatçılar gəliblər,  temperaturu ölçmək, bitki və heyvanat aləmini, habelə buzlaqları öyrənmək üçün özləri ilə cihaz və avadanlıq gətiriblər. 
 
Alp dağlarından cənubda subtropik iqlimli ərazi yerləşir. Şimala və qərbə doğru irəlilədikcə  iqlim mülayimləşir. Alp dağlarının ətəklərində enliyarpaqlı meşələr bitir. Bu yerlərdə insanlar üzümlüklər və  bağlar salırlar. Burada çoxlu şəhər və kəndlər var. 
 
Yuxarı qalxdıqca palıd və fıstıq meşələri başlayır və tədricən iynəyarpaqlı meşələr ilə əvəzlənir. Daha yüksəkdə kolluqlar və otlar bitir. Yüksək dağ çəmənlərində çoxsaylı inək sürüləri otlayır. Qədim dövrlərdə Alp dağlarında çobanlar  bir-birini xüsusi üsulla, səs oynatmaqla sözsüz səsləyiblər. Yodl deyilən Tirol nəğmələri belə yaranıb.
 
Yüksək dağ çəmənlərinin arxasında Alp çəmənləri başlayır. Alp çəmənləri ilin çox hissəsi qarla örtülü olur, qar əriyəndə isə burada alçaqboylu otlar bitir. Sonralar “Alp çəmənləri” adı bütün dağ sistemlərinə şamil olunub. 
 
Qədim zamanlarda Alp dağlarında duz, gümüş, qızıl, mis hasil edilib. Bu dağlarda ametist və kvarsa təsadüf olunur. Yerli sakinlər köhnə mədənləri çox vaxt maarifləndirici muzeylərə çevirir.  Alp dağlarının təqribən 4 min kvadrat kilometr ərazisini buzlaqlar örtür. Aleç Avropanın ən uzun buzlağıdır. Burada Buz sarayı  yaradılıb, buzlardan  heykəllər yonulub. Buzlaqların ətrafındakı  zona  UNESCO tərəfindən mühafizə olunur. 
 
Vaxtilə səyyahlara kömək etmək üçün Sen-Bernar aşırımında rahiblər məskunlaşıblar. Qarın içində qalan insanları axtarıb tapmaqda rahiblərə böyük itlər kömək edib.  “Alp itləri” 1880-cı  ildən  rəsmən senbernar, yəni Müqəddəs Bernarın itləri adlandırılıb. Bu itlər üç yüz il ərzində iki mindən çox adam xilas edib. 
 
Avropa ərazisində ən yüksək dağ dəmir yolu stansiyası da Alp dağlarındadır. Bu stansiya Yunqfrauyox adlanır. Qatar “Avropanın damı” adlanan stansiyanda (3554 metr yüksəklikdə) dayanmaq üçün üç saat ərzində yuxarı qalxır. Amma yolun  xeyli hissəsini dağın içərisində qət edir. Stansiyada qatardan düşüb dağda yarılan nəhəng pəncərələrdən boylanıb bayıra  baxmaq olar. Yunqfrau dağı Alp dağlarında UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən ilk obyekt olub. 
 
Alp dağları turist marşrutları ilə də məşhurdur. Avropalılar öz dağlarının qayğısına qalmağa çalışırlar. Burada  çoxlu qoruq və parklar var. Bunun sayəsində Alp dağlarında  maral, cüyür, qaban, canavar, sincab və vaşaqa rast gəlmək olar. Alp dağlarının rəmzi sayılan edelveys əfsanəvi dağ bitkilərindən biridir. Külək və şaxtadan qorunmaq üçün bu dağ çiçəyi tükcüklərlə örtülüb. Buzlaq qaymaqçiçəyi bitkilər arasında rekordçudur. Bu bitkiyə 4200 metrə qədər yüksəklikdə təsadüf olunur. 
 
Alp dağları gəncdir. Bu dağ silsiləsi  planetimizdə dinozavrlardan sonra əmələ gəlsə də,  meşə örtüyünün yarıdan çoxundan məhrum olub. Alp dağlarının Qərbi Avropa ərazisindəki vəhşi heyvanların çoxunun sığınacağı kimi qalması üçün insanlar Avropanın əsas dağ sisteminə qayğı ilə yanaşmalıdırlar.