Odlar Yurdu

Qafqaz Albaniyasının yadigarı - Bərdə

Bərdə Qarabağ düzənliyinin mərkəzində, Kür-Araz ovalığının şimal-şərq hissəsində, Tərtərçayın sahilində, Bakıdan 314 kilometr məsafədə yerləşir. Əhalisi 136 min nəfərdir. Qafqaz Albaniyasının yadigarlarından biri olan Bərdə tarixən Azərbaycanın və bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindən kimi tanınıb. Bunu çoxsaylı arxeoloji tapıntılar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar da təsdiqləyir. Şəhər haqqında məlumatlara antik dövrdə yaşayan Strabon, Ptolomey, İbn Xordadbeh və digər tarixçilərin əsərlərində rast gəlmək olar.
 
Bu dəlillər – sübutlar Bərdənin eramızdan əvvəl I minilliyin əvvəllərindən artıq şəhər kimi formalaşdığını, Əhəməni imperiyasının və Makedoniya monarxiyasının dağılmasından sonra istiqlaliyyət qazanan Qafqaz Albaniyasının siyasi-iqtisadi mərkəzlərindən birinə çevrildiyini göstərir.
 
Təxmini hesablamalara görə, Bərdə 3000 illik tarixinin 500 ilində paytaxt statusuna malik olub. Cənubi Qafqazdan keçən mərkəzi ticarət yollarının üzərində və İranla yaxınlıqda yerləşməsi onun əhəmiyyətini daha da artırırdı. Məhz bu səbəbdən, V əsrdə Azərbaycanı işğal etdikdən sonra Sasani İmperiyası öz canişinləri üçün Qafqaz Albaniyasında yeni iqamətgah axtararkən Bərdə şəhərini seçir və paytaxtı Qəbələ şəhərindən bura köçürür.
 
Bu hadisədən sonra daha da inkişaf edən Bərdə Qafqazın ən böyük şəhərindən birinə çevrilir. Orta əsr müəlliflərinin əsərlərində Bərdə  "Qafqazın ən böyük şəhəri", "Şərq aləmində Bağdaddan sonra ən böyük şəhər" adlandırılır, onun beynəlxalq əhəmiyyətli ticarət-karvan yollarının qovşağında yerləşdiyi, burda əl-Kürki adlı böyük bazarın olduğu qeyd edilir.
 
Arxeoloji qazıntılar zamanı qədim türk tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkarlanıb, Mesopotamiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar tapılıb.
 
Tarixin müxtəlif dövrlərinə aid çoxsaylı abidələr, əzəmətli memarlıq kompleksləri şəhərin qədim mədəniyyətindən xəbər verir. VI – XIV əsrlərə aid köhnə şəhər divarlarının  qalıqları, Tərtər çayı üzərindəki körpü, Axsadan baba türbəsinin qalıqları, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə dövlət tərəfindən mühafizə olunur. 
 
Qədim tikililəri arasından digər mühüm abidə xalq arasında “Nüşabə qalası” kimi tanınan Bərdə qalasıdır. Bəzi mənbələrə görə qala 1322-ci ildə məşhur memar Əcəmi məktəbinin yetirməsi Naxçıvanlı Əhməd İbn Əyyub Əl Hafiz tərəfindən tikilib. Silindr şəkilli qalanın radiusu 60 metr, hündürlüyü 13 metr, divarının qalınlığı 80 santimetrdir. 
 
Bərdə qalası monqolların Azərbaycana yürüşləri zamanı dağıdılıb və sonradan bərpa olunub. XIII əsr səyyahı Həmdullah Qəzvini qalanın eramızdan əvvəl Makedoniyalı İsgəndər tərəfindən tikdirildiyini bildirib. Nizami Gəncəvi isə “İsgəndərnamə” poemasında  Bərdə qalasının təsvirini verib.
 
Bərdə şəhərinin mərkəzində yerləşən İmamzadə məscidi Azərbaycanda XIV əsrdə tikilən yeganə 4 minarəli məsciddir. Məlumatlara görə, burdakı türbədə V İmam Məhəmməd Bağırın  nəvəsi İsmayıl dəfn olunub. 
 
Bəhmən Mirzə Qacar türbəsi də Bərdənin tarixi əhəmiyyətli memarlıq nümunələrindən hesab olunur. Bərdə şəhərinin maddi mədəniyyəti də qədim və zəngin ənənələrə malikdir. Xalçalarının şöhrəti dillərdə gəzən Bərdədə bu gün də  xovlu «Aran», «Çələbi», «Dəryanur», «Şabalıdbuta», «Xanqərvənd», həmçinin xovsuz «Şəddə», «Vərni» və «Zili» xalçaları toxunur. 
 
Bölgənin mətbəxi, o cümlədən şirniyyatı da zəngin Azərbaycan mətbəxinə öz töhfəsini verib.