B

Bakıxanov Abbasqulu ağa

Tarixçi, şair, maarifçi. 
 
1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub.1802-ci ildə atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub.
 
1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub və 26 il bu vəzifədə çalışıb. 1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq edib. Ömrünün sonlarında Yaxın Şərq səyahətinə çıxıb.
 
1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.
 
Abbasqulu ağa Türkmənçay müqaviləsinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak edib. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb. “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir.