İ

İstanbul

Türkiyənin şimal-qərbində, Mərmərə sahili, Bosfor boğazı və Boğaziçi boyunca uzunluğu 150 kilometr, eni 50 kilometr olan ərazidə yerləşir. Bosfor boğazı şəhəri iki hissəyə, həm də iki qitəyə ayırır. Avropa hissəsinə Avrupa Yakası və ya Rumeli Yakası, Asiya hissəsinə isə Anadolu Yakası və ya Asiya Yakası deyilir. 39 mahala, 40 bələdiyyəyə bölünür.
 
Yunan qaynaqlarında Byzantion, rus mənbələrində  Çarqrad və ya Konstantinovqrad, Şərqi Roma İmperiyası dövründə Konstantinopol adlandırılıb.Şəhərdə ilk yaşayış nümunələri Asiya hissəsində tapılıb və neolit dövrünə aid olduğu müəyyənləşib.
 
330-395-ci illərdə Roma İmperatorluğunun, 395-1204 və 1261-1453-cü illərdə Bizans İmperatorluğunun, 1204-1261-ci illərdə Latın İmperatorluğunun paytaxtı olub. 1453-cü il may ayının 29-da Sultan II Mehmedin başçılığı ilə Osmanlı ordusu tərəfindən fəth edilərək Osmanlı İmperiyasının paytaxtı elan edilib. İstanbulun fəthindən sonra Sultan II Mehmed, Fatih Mehmed kimi tanınmağa başlayıb. İstanbulun Topqapı Sarayındakı kitabədə belə yazılıb: "Peyğəmbər, ruhun şad olsun, şəhər müsəlmanlarındır!"
 
Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 1923-cü il oktyabrın 29-da ölkənin paytaxtı İstanbuldan Ankaraya köçürülüb. Bütün tarixi boyu şəhər 10 Roma, 82 Bizans imperatorunun və 30 Osmanlı sultanının iqamətgahı olub.
 
İqtisadi baxımdan dünyada 34-cü, əhalinin sayına görə Avropada 3-cü yeri tutur və Türkiyədəki ümumi sənaye istehsalının 20 faizi bu şəhərin payına düşür. 2010-cu ildə Avropanın mədəniyyət paytaxtlarından biri elan edilən İstanbulda Konstantinopol pravoslav kilsəsinin Mərkəzi, Konstantinopol – Yeni Roma və Ümumdünya patriarxı Müqəddəs Arxiyepiskopunun iqamətgahı yerləşir.
 
Şəhərdə ildə təqribən 30 yeni küçə və yeni yaşayış massivləri salınır. İstanbulu hər il 9 milyondan çox turist ziyarət edir.