Odlar Yurdu

Daşkəsən

Kiçik Qafqazın şimal-şərq yamaclarında, dağların əhatəsində yerləşən Daşkəsən dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir. Buranın qışı soyuq, yayı isə sərin keçir. Dağlara söykənən və sıx palıd meşələrlə əhatə olunan, Daşkəsən Bakıdan 390 kilometr aralıdadır. Ən hündür zirvələri Hinaldağ və Qoşqardır. Meşələrdən yuxarıda subalp və alp çəmənlikləri göz oxşayır. Bu diyar qışda suyu qismən azalan, yaz-yay, payız mövsümlərində isə aşıb-daşan dağ çayları ilə zəngindir. Gəncəçay, Ballıcalı, Qoşqarçay Daşkəsənin təbii su mənbələridir. 
 
Zağalı, Qurubulaq, Xoşbulaq, Dardərə və digər kəndlərdə aparılan arxeoloji qazıntılar zamanı Daşkəsənin tarixinin daş dövrünə gedib çıxdığı məlum olub. Bundan başqa ərazisində tunc dövrünə aid «Daştəpə» qalaçası, «Çoban daşı», «Molla Abdulla bulağı» qalaçası da bu yurdun qədim keçmişinin nişanələridir. Dəmir dövrünə aid olan və dəniz səviyyəsindən 3361 metr yüksəklikdə, Qoşqar dağının ətəyində yerləşən «Nağara dağı» da Daşkəsənin qədim tarixini əks etdirən abidələrdəndir.
 
Daşkəsənin adı çəkiləndə ilk yada düşən yer dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşən, məxməri yaylaqlar, sərin bulaqlar, əsrarəngiz mənzərələrlə əhatələnən Xoşbulaqdır. Deyilənə görə yay aylarının 5-10 gününü burda keçirən körpələr qışda xəstələnməzlər.
 
Əmirvar kəndində «Yastı qaya» adlanan yer hər tərəfdən sıx meşəliklə əhatə olunub. «Ləzgi qayası», «Qara inək» mağarası, «Yal yurdu» qalaçası, «Göyçəlilər yurdu» qalaçası bənzərsiz təbiət abidələridir və bölgənin turizm cəhətdən inkişaf etdirilməsi üçün əhəmiyyətli amillərdəndir. Alban tarixi-memarlıq abidəsi, Gəlinqaya təbiət abidəsi, Şəmkir çayı kimi mənzərəli guşələri, təmiz havası, saf suları, zəngin faunası da Daşkəsənə gələn qonaqlara unudulmaz anlar yaşadır, yay aylarında təbiət həvəskarlarını bu yerlərə cəlb edir. 
 
Daşkəsən insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi bulaqlarla da zəngindir. Yumurtalı bulaq, Narzan bulağı, Turşsu bulağı, Qiblə bulağı və digər bulaqlar Daşkəsənə səfər edənlərin sayının ilbəil artmasına səbəb olur.  
 
Daşkəsəndə  xalçaçılıq, metal üzərində döymə, ağac və daş üzərində oyma kimi sənət növləri bu gün də yaşayır, yerli sənətkarların əl işləri turistlərin böyük marağına səbəb olur. Bu yerlərin balının şöhrəti dillər əzbəridir. Dağların min-bir çiçəyindən şirə çəkən boz arı cinsi bu diyarın arıçılarının adı ilə bağlıdır.