Mədəni irsimiz

Şuşada Üzeyir Hacıbəyovun ev muzeyi

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Şuşadakı ev muzeyi 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Tarixi Muzeyinin, Mədəniyyət nazirliyi və Musiqi fondunun dəstəyi ilə fəaliyyətə başlayıb. Muzeyə Mirkamal Ağamirov və Qumru Hacıyeva rəhbərlik ediblər. Müstəqil struktur kimi muzey dörd otaqdan ibarət olub. 
 
1978-ci ildə Üzeyir Hacıbəyovun ev muzeyi təmir olunmuş, həyətdə bulaq suyu kompleksi istifadəyə verilmişdir. Muzeydə görkəmli bəstəkarın ilkin yaradıcılıq dövrlərinə aid nümunələr, onun ilk sənət əsərlərinin əlyazmaları nümayiş olunurdu. 
 
Muzeyin birinci otağında Üzeyir bəyin həyatının ilk illərinə aid dəyərli materiallar, onun tələbəlik illərinə aid eksponatlar, həmçinin qohumları və ailə üzvləri ilə çəkilmiş fotolar nümayiş olunurdu. Muzeyin digər otaqlarında isə bəstəkarın sovet dövründəki gərgin fəaliyyətini əks etdirən şəxsi əşyaları sərgilənirdi. İkinci otaqda həmçinin dahi bəstəkarın abidəsi ucaldılıb. Həmin dövrdə muzeyin təmiri və rekonstruksiyası planlaşdırılırdı. Plana görə muzey ikimərtəbəli olması, həmçinin kinoteatrın tikintisi nəzərdə tutulurdu. Bununla yanaşı, muzeyin eksponat fondunun zənginləşdirilməsi də nəzərdə tutulurdu.
 
Məlumdur ki, Bakıya köçən bəstəkar şəxsi əşyalarının çox hissəsini də bura gətirmişdi. Buna görə də Şuşada muzeyin yaradılması ilə bəstəkarın Şuşadakı həyatına aid Bakıdakı nümunələr Şuşaya qaytarıldı. Şuşanın ermənilər tərəfindən işğalınadək muzeydə 1700 eksponat qorunurdu. İşğal zamanı muzey rəhbərliyi Üzeyir bəyə aid cəmi 136 eksponatı ermənilərdən xilas edərək Bakıya gətirə bilmişdi. Təxminən 1600 eksponat isə Ermənistanın Silahlı Qüvvələri tərəfindən məhv edildi. İşğaldan sonra Şuşadakı muzey öz fəaliyyətini Üzeyir Hacıbəylinin Bakıdakı ev muzeyində davam etdirdi.