Ç

Çiyələk

Çiyələk  (Fragaria)
 
Gülçiçəklilər fəsiləsinə aid çoxillik ot bitkisi.
 
Avropa, Asiya və Amerikada 50-dək, Azərbaycanda isə 4 növü var. İlk sortları XVIII əsrdə Niderlandda yaradılıb. Dünyanın müxtəlif iqlim qurşaqlarında becərilir. Azərbaycanda əsasən həyətyanı sahələrdə yetişdirilir. Gövdəsinin hündürlüyü 10 santimetrə qədər olur. Meyvəsi adətən qırmızı, bəzən çəhrayı və ağ rənglərdə olur. 
 
Çiyələkdə orqanizm üçün xeyirli bir sıra maddələr var: Bunlardan qlükoza və saxaroza, C vitamini, karotin və pektin, dəmir duzları, efir yağı və sair. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrək daşı xəstəliyi zamanı istifadə edilir. Çiyələk eyni zamanda orqanizmdə maddələr mübadiləsini, həzm prosesini yaxşılaşdırır, qanazlığın və ümumi zəiflik, eləcə də ağciyər xəstəliklərində qüvvətverici vasitə hesab edilir, həmçinin avitaminoza qarşı effektiv təsir göstərir.
 
Bundan başqa çiyələk bitkisinin qurudulmuş yarpaqlarından dəmlənən çay sidikqovucu, həmçinin soyuqdəymə zamanı tərlədici vasitə kimi də istifadə edilir.