Mədəni irsimiz

Muğam

Muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Azərbaycan bəstəkarlarının əsərləri öz kökü etibarilə muğamlara bağlıdır.

 

Azərbaycan xalq musiqisində 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır.

 

Üzeyir Hacıbəyli muğamların dinləyiciyə aşıladığı əhval-ruhiyyəni belə səciyyələndirirdi: “Rast”- dinləyicidə mərdlik və gümrahlıq hissi, “Şur” - şən, lirik əhval-ruhiyyə, “Segah”- məhəbbət hissi, “Şüştər”- dərin kədər, “Çahargah”- həyəcan və ehtiras hissi, “Bayatı-Şiraz”- qəmginlik, “Humayun”- dərin kədər hissi oyadır.

 

Muğam kimlərsə tərəfindən bəstələnən melodiyalardan ibarətdir. Amma ümumilikdə muğam sənəti anonimdir, onun müəllifi müxtəlif fərdlər yox, xalq özüdür.    

 

Muğamı, adətən tarzən, kamançaçı, xanəndədən ibarət trio ifa edir.

 

Azərbaycan bəstəkarlarının bir çox əsərləri öz kökü etibarilə muğamlara bağlıdır. Fikrət Əmirov 1948-ci ildə “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarını yazmaqla dünya musiqi tarixində simfonik muğam janrının əsasını qoydu. Görkəmli bəstəkar və dirijor Niyazinin “Rast” (1949) simfonik muğamı da bu janrda yaradılmış ən gözəl əsərlərdən biridir.

 

Azərbaycanın bir çox görkəmli muğam ustaları var. Bir qədər qədimlərə getsək, onlardan Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, tarzən Sadıqcanın və başqalarının adını çəkə bilərik. XX əsrin əvvəllərində isə Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Seyid Şuşinski, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və başqaları məşhur olub.

 

Sonradan bu estafeti Xan Şuşinski, Zülfü Adıgözəlov, Yaqub Məmmədov, Süleyman Abdullayev, Rübabə Muradova, Fatma Mehrəliyeva, İslam Rzayev, Arif Babayev kimi korifey sənətkarlarımız davam etdiriblər.

 

Tarzənlərdən isə  Qurban Pirimov, Əhsən Dadaşov, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Ramiz Quliyev və digərləri böyük şöhrət qazanmışlar.

 

Bu gün də istedadlı muğam ustaları yetişiblər. Bu sırada Alim Qasımovun, Mənsum İbrahimovun, İlkin Əhmədovun, Zabit Nəbizadənin, Babək Niftəliyevin, Nəzakət Teymurovanın, Aygün Bayramovanın və başqalarının adlarını çəkmək olar. Vaxtaşırı keçirilən muğam müsabiqələri hər dəfə yeni-yeni istedadları üzə çıxarır.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanın tarixi və klassik musiqisi kimi muğam sənətimiz 2003-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.