Bu maraqlıdır!

Amerika Birləşmiş Ştatları

Amerika Birləşmiş Ştatları dünyanın iqtisadi baxımdan ən qüdrətli dövlətlərindən biridir. Bu ölkədə təbiətin gözəlliyi və  insanın yaratdığı xariqələr diqqəti cəlb edir.  Amerikalılar öz ölkələri ilə fəxr edirlər. Birləşmiş Ştatlar  əhalisinin sayına  (250 milyon nəfər)  və sahəsinə (9,4 milyon kvadratmetr) görə dünyanın heç də ən böyük ölkəsi deyildir.  Onu sakinlərin sayına görə  Çin və Hindistan, ərazisinin böyüklüyünə görə isə Rusiya, Kanada  və Çin qabaqlayır.
 
Bu ölkənin qeyri-adi adı var: Amerika Birləşmiş Ştatları. Hərçənd hamı artıq bu ada öyrəşib. Aydın məsələdir ki, Amerikanın özü qitədir. Bəs Birləşmiş Ştatlar nə deməkdir?  Tarixə müraciət etsək,  görərik ki,  bu qüdrətli  dövlət hələ iki əsr əvvəl İngiltərənin müstəmləkəsi olub. Daha dəqiq desək, bir müstəmləkəsi deyil, bir qrup müstəmləkəsi olub.  ABŞ-ın dövlət bayrağında 13 ağ və qırmızı zolaq  onun ilk 13 ştatının (daha əvvəl müstəmləkələrin) rəmzidir. Bu ştatlar XVIII əsrin sonlarında birləşiblər.  Ölkə genişlənib, ştatların sayı artıb. İndi ABŞ-ın düz 50 ştatı və bayrağının bir küncündə eynən bu qədər ulduzu var.  
 
Hazırda ABŞ-ın yerləşdiyi torpaqlarda uzun əsrlər boyu hindi qəbilələri – irokezlər, seminollar, apaçilər yaşayıb. Hindilərin özü Amerika qitəsinə Şimali Asiyadan gəliblər. Amerika ilə Asiyanı Berinq körfəzi ayırır, amma bir vaxtlar onun yerində bərzəx olub. 
 
Amerikanın aborigen sakinləri hindilər 1492-ci ildə  okeanın o biri tayından üzüb gələn ağdərili insanlarla qarşılaşıblar. Xristofor Kolumbun ardınca Amerikaya avropalılar gəlməyə başlayıb. Onların arasında dinc münasibətlər yaranmayıb. Fenimor Kuperin və Mayn Ridin romanlarında  o dövrün hadisələrindən, ağdərililərlə hindilərin  qarşıdurmasından bəhs olunur.  İnsanlar müxtəlif səbəblərdən, çox vaxt isə təqiblər, o cümlədən dini təqiblər və yoxsulluq üzündən uzaq Amerikaya pənah gətiriblər. Atlantik okeanı sahillərində məskunlaşanların çoxu ingilislər olub. Lakin onlar əvvəlki vətənləri ilə əlaqələrini kəsmir və onunla ticarət edirlər. İqtisadi baxımdan möhkəmlənən müstəmləkələri İngiltərədən asılılıq sıxmağa başlayır. Müstəmləkələr ilə İngiltərə arasında ixtilaflar 1775-ci ildə müharibə ilə nəticələnir.  Müharibə 1783-cü ildə müstəmləkələrin qələbəsi ilə başa çatır və tarixdə müstəqillik uğrunda Müharibə kimi məşhurlaşır. 
Müstəqillik Bəyannaməsinin imzalandığı gün -  4 iyul 1776-cı il  ABŞ-ın yaranması günüdür.  Şimal və Cənub ştatlarında müxtəlif qayda-qanunlar mövcud olub. Şimalda çoxlu sayda azad fermer təsərrüfatları  yaranıb. Cənubdakı plantasiyalarda istiliksevər bitkilər yetişdiriblər. Varlı mülkədarlar afrikalı kölələri işlədiblər.  
 
Azad kapitalizm yolu ilə inkişaf edən şimal ştatları ilə köləliyin mövcud olduğu, plantasiya sahiblərinin heç bir dəyişiklik istəmədiyi cənub ştatları arasında gərgin iqtisadi mübarizə nəticəsində vətəndaş müharibəsi başlayır. Müharibə 1865-ci ildə şimallıların qələbəsi ilə başa çatır. Köləliyə son qoyulur, lakin ağdərililər ilə qaradərililər arasında bərabərliyə hələ çox var idi. Harriyet Biçer-Stounun “Tom dayının koması” kitabında həmin hadisələrdən söhbət açılır. Ölkənin təsərrüfatı sürətlə inkişaf edir. Fermerlər, sənayeçilər, qızılaxtaranlar uzaq qərbdə boş torpaqları mənimsəməyə başlayırlar.  
 
Birləşmiş Ştatların təbiəti heyrətamiz dərəcədə rəngarəngdir. Ölkənin cənub bölgələrinə  isti və rütubətli subtropik iqlim hakim kəsilibsə,  şimal diyarı  - Alyaska yarımadası soyuq Arktika qurşağında – Amerika yazıçısı Cek Londonun adlandırdığı kimi “sükut dünyası”nda  yerləşir. Ölkənin iqliminə şimaldan cənuba uzanan iri dağ sistemləri  təsir göstərir. Şərqdə, Atlantik okeanı  sahilləri yaxınlığında ensiz düzənlik zolağında güclü dağıntılara məruz qalan  qədim Appalaçi dağları yerləşir. Materikin qarşı kənarında, Sakit okeanı sahilləri boyunca daha bir iri dağ sistemi  - Kordilyer dağları uzanır. Bunlar yayla və çökəkliklərə ayrılan, hündürlüyü  4 min metrdən çox olan yüksək dağ silsilələridir. Çökəkliklərin birində Yellouston qoruq-parkı yerləşir. Dünyanın heç bir yerində  bu qədər qeyzer (200) yoxdur. Özü də necə geyzerlər? Bu geyzerlərin suyu  70-90  metr hündürlüyə püskürür. Böyük Kanyon (“kanyon” ispancadan tərcümədə  “dərə” deməkdir) təbiətin əsl möcüzəsidir.  Kolorado çayı  nəhəng dərədə  özünə məcra açıb.  Razılaşın ki, ayaqlarının altında 1800 metrlik dərinlik hiss edən, dərənin o biri kənarına qədər 6-24 kilometr məsafə olduğunu görən insanın az qala nəfəsi kəsilər. Kordilyer və Appalaçi dağları arasında geniş Mərkəzi düzənlik  uzanır.  Mərkəzi düzənlikdən Missisipi  çayı (Missuri çayı onun qoludur) axır. Bu nəhəng çay uzunluğuna görə dünyada ancaq  Nil çayından geri qalır.  Mark Tvenin əsərlərinin qəhrəmanları Tom Soyer və Hekliberri Finn  məhz Missisipi çayında üzüblər. 
 
Yaxın keçmişə qədər  düzənliklərin  böyük hissəsində  preriyalar yerləşirdi. İndi isə həmin ərazidə başdan-başa buğda və qarğıdalı əkilib. Lakin ABŞ-ın iqtisadi simasımı  kənd təsərrüfatı müəyyən etmir. Əhalinin çoxu sənaye və xidmət sahələrində çalışır. Artıq XIX əsrin sonlarına doğru  ABŞ ən iri  sənaye dövlətinə, XX əsrdə isə sənaye və elmi-texniki liderlərdən birinə çevrilir. Təbii resursları, müxtəlif faydalı qazıntıları  ABŞ-ın  bir dövlət kimi çiçəklənməsinə şərait yaradır.  Appalaçi dağlarındakı iri daş kömür, Yuxarı gölün yaxınlığında dəmir filizi yataqları sayəsində ölkədə qara metallurgiya inkişaf edir. Ölkənin güclü kimya sənayesi isə Texas, Oklahoma, Kaliforniya ştatlarındakı zəngin neft-qaz yataqlarına borcludur.  
 
Lakin ölkənin qazandığı uğurlarda  həlledici  amil  məhz amerikalıların fəalllığı, zəhmətsevərliyi, məşhur təşəbbüskarlığı olub.  ABŞ həmişə çalışqan insanları ilə seçilib.  Bura köçənlərin hamısı - avropalılar, afrikalılar, asiyalılar  ABŞ-ın  iqtisadi və mədəni inkişafına  öz töhfəsini veriblər.
 
Ölkənin paytaxtı ABŞ-ın birinci prezidentinin şərəfinə Vaşinqton adlandırılıb. Paytaxtda  çoxlu dövlət müəssisəsi, o cümlədən Konqres və Ağ Ev, muzeylər, abidələr, parklar yerləşir. Burada sənaye müəssisələri yoxdur. 
 
ABŞ-ın böyük və ən məşhur şəhəri Nyu-Yorkdur. Nyu-Yorkda  7 milyondan bir qədər artıq əhali yaşayır, uzun kilometrlər boyu uzanan  ətraf ərazilərdə 18 milyon əhali yaşayır. Nyu-York həm qitədə, həm də qonşu adalarda yerləşir. Çoxsaylı göydələnlərin olduğu şəhərin mərkəzi hissəsi Manhetten adasında yerləşir. Nyu-York lap əvvəldən  liman, ticarət və maliyyə mərkəzi  kimi inkişaf edib. Göydələnlərin yerləşdiyi Uoll-Strit küçəsi Amerikanın bir növ  maliyyə  qüdrətinin,  başqa bir küçə  - Brodvey isə əyləncələrin rəmzinə çevrilib. Nyu-York buxtasındakı  nəhəng Azadlıq heykəli demokratiyanın təcəssümüdür. Yeri gəlmişkən,  Nyu-York Amerikada  ən “qeyri-amerika” şəhəri sayılır, çünki yaxın keçmişdə dünyanın hər yerindən gələnlərin çoxu burada yaşayır.  
 
Nyu-York, Filadelfiya, Baltimor, Boston Atlantik  okeanı sahillərində  nisbətən çoxdan yaranmış şəhərlərdir. Sakit okean sahillərindəki iri şəhərlər isə gənc şəhərlərdir. Onlar artıq  avtomobil dövründə yaranıblar. Buna görə də  belə şəhərlərdə  küçələr genişdir, adətən cəmi bir-iki mərtəbədən ibarət  yaşayış evləri  işgüzar həyatın qaynadığı mərkəzin hüdudlarından kənarda yerləşir. Los-Anceles də belə şəhərlərdəndir.  O, sakinlərinin sayına görə yalnız Nyu-Yorkdan geri qalır. Dünya kinematoqrafiyasının mərkəzi  - Hollivud məhz bu şəhərdə yerləşir. Sanki təbiətin özü naturadan çəkilişlər aparmaq üçün burada  hər cür şərait yaradıb: demək olar, hər gün günəş işıq saçır, ətrafdakı landşaftlar isə hər hansı çəkiliş  üçün münasibdir, çünki okean çimərliklərindən tutmuş  səhrayadək hər cür landşaft var.  Los-Ancelesin yaxınlığında uşaqların sevimli əyləncə yeri – Disneylend yerləşir.  Böyük Amerika rejissoru  Uolt Disneyin  yaratdığı  əfsanəvi Disneylendə həm uşaqlar, həm də böyüklər  böyük məmnuniyyətlə gedirlər.  ABŞ-ın Sakit okean  sahillərindəki  ən gözəl şəhəri San-Fransiskodur. Düzənlikdə yerləşən  Los-Ancelesdən fərqli olaraq San-Fransisko mənzərəli körfəzin təpəliklərində salınıb. San-Fransisko  iki nəhəng  və gözəl körpüsü ilə şöhrətlənib. 
ABŞ Silahlı Qüvvələri hazırda dünyanın ən böyük silahlı qüvvələridir. ABŞ Silahlı Qüvvələrinə ordu (quru qoşunları), Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dəniz Piyadası Korpusu və Sahil Mühafizə Xidməti aiddir.  
 
Birləşmiş Ştatlar Nobel mükafatları laureatlarının sayına görə də mütləq liderdir. 2012-ci ildəki vəziyyətə görə  ABŞ vətəndaşlarına 331 Nobel mükafatı verilib. 
 
Mərkəzi Kəşfiyyat İdarəsinin  2007-ci il üçün  Ümumdünya Faktlar Kitabının məlumatına görə, ABŞ əhalisinin 51,3 faizi özünü protestant,  23,9 faizi katolik sayır, 12,1 faizi heç bir konfessiyanın üzvü deyil, 1,7 faizi mormon, 0,6 faizi  başqa xristian konfessiyalarının nümayəndəsi, 1,7 faizi  yəhudi, 0,7 faizi  buddist, 0,6 faizi müsəlman, 2,5 faizi digər ediqadların nümayəndələri, 4 faizi ateistlərdir.  ABŞ-da protestantizmin bir neçə istiqaməti var: anqlikanlıq, presviterianlıq, lüteranlıq, konqreqasionalizm,  kvakerlik, baptizm, metodizm və başqaları.