Avropalıların Avisenna adlandırdıqları Əbu Əli ibn Sina qoca Şərqin digər böyük alimi Biruninin müasiri olub. O, 980-ci ildə Buxaranın yaxınlığında Əfşan adlı yerdə dünyaya gəlib. Atası dövrünün varlı və mədəni insanlarından biri olub. İbn Sinanın 5 yaşı tamam olanda onu Buxaraya gətiriblər. X əsrdə Buxara Orta Asiyanın mədəni mərkəzlərindən biri sayılırdı. İbn Sinanın uşaqlıq və gənclik illəri daim gərgin məşğələlərdə keçib. O, qeyri-adi işləmək və hər şeyə maraq göstərmək bacarığı ilə seçilib.
İbn Sina qədim yunan fəlsəfəsinə, məntiqə, təbabətə, astronomiyaya dərindən yiyələnib. Xüsusilə təbabət sahəsində çalışıb və qədim təbiblər Hippokrat və Qalenin təcrübəsini öyrənib. Bu sahədə yetərincə dərin biliklər əldə edən İbn Sina praktiki fəaliyyətə - xəstələri pulsuz müalicə etməyə başlayır. Bu barədə özü belə deyib: “...qısa müddətdə mənim bu sahədə məharətim elə bir həddə çatdı ki, dövrümün ən adlı-sanlı həkimlərinin çoxu tibbi bilikləri məndən öyrənməyə başladı. Mən, müalicəyə başladım.... və tibbi təcrübələr aparmaq üçün qarşımda təsvirəgəlməz dərəcədə geniş imkanlar açıldı”.
İbn Sinanın bəxti onda gətirir ki, Buxarada Samanilər sarayının kitabxanasından istifadə etmək imkanı olur. Onun çox güclü yaddaşı olub. Alim X əsrin sonunda Xarəzmin paytaxtı Ürgəncə köçür. Burada tarixdə “Məmun Akademiyası” adı ilə məşhur olan böyük elmi mərkəz yaradılır. Bu akademiyada X əsrin sonu və XI əsrin əvvəllərinin ən görkəmli alimləri çalışıb. Biruni də onların arasında olub. Orta Asiyanın iki böyük aliminin görüşü məhz burada baş tutub.
İbn Sina Xarəzmdə “Əl-qanun fi-tibb” (“Tibb elminin qanunu” ), “Kitab əş-şəfa” (“Şəfa kitabı”) kitablarını yazıb. Beş cilddə “Əl-qanun fi-tibb” kitabı sonralar elə bir dünya şöhrəti qazanıb ki, İbn Sinanın adı təbabətin korifeyləri Hippokrat və Qalen ilə yanaşı çəkilməyə başlayıb. “Tibb elminin qanunu” kitabında o dövrün tibb elminin əsasları şərh edilib. Bütün orta əsrlər tarixində tibbi biliklər ilə bu qədər zəngin ikinci kitab yoxdur.
1017-ci ildə Mahmud Qəznəvi Xarəzmi istila edərək “Məmun Akademiyası”nı dağıdır. Bu Akademiyanın bir çox alimləri, o cümlədən Əbu Əli ibn Sina Xarəzmi tərk etmək məcburiyyətində qalır. Bundan sonra o, çətin şəraitdə yaşayır, həkimlik etməklə dolanır.
İbn Sina fizika, riyaziyyat, astronomiya , kimya, fəlsəfə, təbabət, hərbi qurğular, nikah, ailə, musiqi haqqında çoxlu maraqlı əsərlər yazıb. Onun əsərlərinin ümumi sayı 100-ə çatır. İbn Sina 1037-ci ildə vəfat edib, Həmədan şəhərində dəfn olunub.
30.09.2019