P

Preskott Coul Ceyms

Joule James Prescott
 
İngilis fiziki. 1818-ci il dekabrın 24-də Böyük Britaniyanın Solford şəhərinin Lankaşir qraflığında anadan olub. Elementar riyaziyyat fənnindən ilk təhsilini Con Daltondan alıb və onun təklifi ilə eksperimental təcrübələr aparıb. Bəzi elektrik cihazlarının konstruksiyası ilə əlaqədar məqalələr yazıb. Əsasən elektromaqnetizm, istilik və qazların kinetik nəzəriyyəsini tədqiq edib. 
 
Naqildən cərəyan keçərkən istilik ayrılmasını tədqiq edən Coul 1841-ci ildə «Elektrik cərəyanının istilik effekti» adlı məqaləsini çap etdirib və cərəyanın naqildə yaratdığı istilik miqdarını hesablayıb. Onunla eyni zamanda Emili Lents də belə bir hesablama apardığından iki alimin bir-birindən xəbərsiz kəşf etdikləri bu qanun Coul-Lents qanunu adlandırılıb.
 
O, həmçinin enerjinin saxlanması və çevrilməsi qanununun təcrübi yolla əsaslandırılmasına öz töhfəsini verib. İlk dəfə eksperimental yolla istiliyin mexaniki ekvivalentini dəqiq təyin edib və 1 kiloqram suyun 10 selsi qızdırılması, 1 kiloqram yükün 460 metr hündürlüyə qaldırılması ilə eyni hüquqlu olduğunu müəyyənləşdirib.
 
İstiliyin mexaniki ekvivalentini təyin edən alim öz məşhur təcrübəsini apararaq belə nəticəyə gəlib ki, 4,19 coul iş görərkən meydana çıxan temperatur artımı, cismə 1 kalori istilik verərkən ortaya çıxan temperatur artımına bərabərdir. 4,19 c/kal ədədi istiliyin mexaniki ekvivalenti təyin olunub.
 
Sonradan Coulun təcrübəsi ilə maraqlanan Vilyam Tomson onunla birlikdə, qazın genişlənməsi zamanı temperaturun dəyişməsini “Coul-Tomson effekti” hadisəsini kəşf edib. Qazların kinetik nəzəriyyəsini işləyən Coul, hidrogen molekulunun orta sürətini hesablayıb və 6225 fut/saniyə (1850 metr/saniyə) nəticə alıb. Onun şərəfinə iş, enerji və istilik miqdarı vahidinə Coul adı verilib.
 
1850-ci ildən London Kral Cəmiyyətinin üzvü seçilən Ceyms Preskott Coul 1889-cu il oktyabrın 11-də Böyük Britaniyada Seyl şəhərinin Çeşir qraflığında vəfat edib.