U

Universitet

Universitet
 
Universitas
 
Fundamental və tətbiqi sahələr üzrə mütəxəssis hazırlanması, eyni zamanda elmi fəaliyyətlə məşğul olan ali məktəb. Dünyada ən qədim universitet 859-ci ildə Mərakeşin Fes şəhərində yaranan Əl-Qarauin Universiteti, Avropada isə Salernoda XI əsrin birinci yarısında yaradılmış tibb üzrə ixtisaslaşmış universiteti sayılır. 1167-ci ildən fəaliyyətə başlayan Oksford və 1209-cu ildə əsası qoyulan Kembric universitetləri İngiltərənin və ümumilikdə Avropanın ən qədim universitetlərindəndir. 1342-ci ildə Praqada, 1364-cü ildə Krakovda, 1365-ci ildə Vyanada, 1385-ci ildə Haydelberqdə, 1409-cu ildə Leypsiqdə, 1459-cu ildə Bazeldə universitetlər açılır.
 
Rusiyada isə ilk ali məktəbin əsası 1726-cı ildə Peterburqda qoyulub. Azərbaycan Respublikasında ilk universitet 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Bakı Dövlət Universitetidir. Bir çox dünya universitetləri keçən əsrin 90-cı illərindən başlayaraq öz aralarında qarşılıqlı mübadilə və diplomların tanınması prosesini sadələşdirmək məqsədi ilə İtaliyanın Bolonya şəhərində qəbul olunmuş "Bolonya prosesi"nə qoşulur və eyni dəyərləndirmə sistemlərinə keçiblər. Beynəlxalq Akademik Perspektivlər İnstitutunun tərtib etdiyi  (URAP) dünyanın ən yaxşı 2000 universitetin siyahısına Amerika Birləşmiş Ştatlarının "Harvard" universiteti başçılıq edir. Bu siyahıda “Oksford”, “Toronto”, "Stenford", "Tokio" universitetləri ilə yanaşı, Türkiyənin 62 ali təhsil ocağı və Bakı Dövlət Universiteti də yer alıb.