Ş

Şeyx Şamil

Dağıstan və Çeçenistan dağlılarının birliyi olan Şimalı Qafqaz imamətinin başçısı. 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Qayınatası Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumikinin yanında təhsil alıb. Daha sonra özündən əvvəl imamətə başçılıq edən Qazi Məhəmməd və Həmzət Bəyin müşaviri olub.
 
1932-ci ildə Qazi Məhəmmədlə birgə Qimri kəndi yaxınlığındakı qalada rus ordusu tərəfindən mühasirəyə alınıb. Bu döyüşdə Qazi Məhəmməd həlak olub. Şamil isə ağır yaralansa da qaçmağı bacarıb. 1834-cü ildə imam seçildikdən sonra ilk olaraq imamət daxilindəki fikir ayrılıqlarını həll edir, bir-biri ilə ədavət aparan Dağıstan və Çeçenistan icmalarını İslam ideologiyası əsasında birləşdirir. Şəriət əsasında məhkəmə və idarəetmə sistemi qurur. Rusiya İmperiyasına qarşı müqavimət göstərmək üçün vacib olan hərbi və mülki təşkilatlar yaradır. Bundan başqa top, barıt, digər silah-sursat istehsalı və tədarükünü artıran Şamil hərbi təşkilatlanmada böyük irəliləyişlərə nail olur.
 
Güclü natiqlik qabiliyyəti, qətiyyəti, möhkəm iradəsi və sərkərdəlik məharəti sayəsində böyük uğurlar qazanan İmam Şamilin şöhrəti qısa zamanda ətraf bölgələrə yayılır. Bölgədəki bir çox feodal hakimləri onun Rusiya imperiyasına qarşı apardığı mübarizəyə qoşulur.
Özündən əvvəlki iki imamın dövründə imperiyaya qarşı 10 il döyüşən Şamil imam seçildiyi ildən etibarən döyüşləri bir qədər də genişləndirir, Rusiya ordusunu bir çox döyüşlərdə məğlub edir və onlara böyük ziyan vurur. 
 
1856-cı ildə Paris sülh müqaviləsindən istifadə edən Rus imperatoru Qafqaz cəbhəsinə 200 minlik hərbi qüvvə göndərir. General Nikolay Muravyov və Aleksandr Baryatinskinin başçılıq etdiyi rus ordusu 1859-cu ilin aprel ayında İmam Şamilin iqamətgahı olan Vedeno aulunu, iyun ayında isə bütün Çeçenistan ərazisini ələ keçirir. 
 
1859-cu ilin avqust ayında İmam Şamil 400 silahdaşı ilə birlikdə Dağıstanın Qunib aulunda 70 minlik rus qoşununun mühasirəsinə düşür. Müqavimət dövründə kənardan heç bir kömək görməyən İmam Şamil bütün qüvvə və qaynaqların tükəndiyini anlayaraq  təslim olur. Əvvəlcə Kaluqa şəhərində, daha sonra isə Kiyevdə saxlanılan Şamil Həcc ziyarəti üçün Çar II Aleksandrdan icazə alaraq 1869-ci ildə İstanbula gəlir. Osmanlı Sultanı Əbdüləziz tərəfindən ayrılan gəmi ilə Ciddə limanına yola düşür. Məkkədə Həcc ziyarətini yerinə yetirərək Mədinəyə gedir. İmam Şamil Mədinədə olarkən xəstələnir və 1871-ci il  fevralın 4-də 74 yaşında orada vəfat edir. Mədinə şəhərindəki məşhur Əl-Bəqi qəbiristanlığında dəfn olunur.