Təbiət

Cüllütlərkimilər fəsiləsi

Sağsağan cüllütlər, əlvanquyruq cüllütlər, əyridimdiklər və oxcüllütlər, daşçevirənlər, qum cüllütü, üzərcə, habelə ağqarın cüllütlər çox böyük cüllütkimilər yarımdəstəsinin üzvüdürlər. Onların ən kiçiyi sərçə, ən böyüyü isə toyuq boydadır. Sahil zolağındakı həyata gözəl uyğunlaşan bu quşların maraqlı qida əldə etmək üsulları var. 
 
Sağsağan cüllüt  yan tərəflərdən sıxılmış uzun narıncı dimdiyini məharətlə işə salır.  Onun dimdiyi nəinki istridyənin çanağını açır, həm də krabların zirehini dəlir. Əyridimdik uzun dimdiyindən maqqaş kimi istifadə edir. Onun köməyi ilə lilin və qumun içindən xırdaca xərçənglər axtarıb tapır. Daşçevirən yem axtarışında daşların altını çubuqla və əlinə keçən başqa zibillə eşələyir, yem tapmaq ümidi ilbiz çanaqlarını və yosun dəstələrini azacıq əyri olan qısa dimdiyi ilə çevirir. 
 
Xallı lələkləri sayəsində çilingdimdik və ağqarın cüllütləri bataqlıq yerlərdə seçmək olmur. Bu quşlar əsl qarınquludur. Gün ərzində bədənlərinin çəkisinin yarısı qədər növbənöv ilbiz və soxulcan yeyir. 
 
Yakanı bəzən “zanbaqlar üzərində qaçışan”  adlandırırlar, çünki çəkisi cəmi  100 qram olan bu quş su bitkilərinin yarpaqları üzərində çox rahatlıqla hərəkət edir. Əlvanquyruq cüllütlər Sakit okeanın Alyaskadan tutmuş Magellan boğazına qədər bütün sahil zolağında məskunlaşıb. Onlar əsasən ləpədöyəndəki qayalıqlarda yuva qurur.    
 
Üzərcə də dəniz quşudur. Onun pəncə barmaqlarında dəriyəbənzər ağızlar var, lələklərinin islanmaması üçün qarınları yağ təbəqəsi ilə örtülüb. Bu quşlara bəzən sahildən bir-neçə kilometr uzaqda da təsadüf olunur. 
Kürən cüllütlər maraqlı quşlardır. Onların bədəni qısa, möhkəm və girdə, dimdiyi isə  digər cüllütlərlə müqayisədə xeyli qısadır. Əyriburun kürən cüllüt daha maraqlıdır. Onun dimdiyi həmişə sağ tərəfə əyilmiş vəziyyətdədir. O, belə dimdiyi olan yeganə quşdur. Onun dimdiyinin sirrini alimlər indiyədək müəyyən edə bilməyiblər. Yeri gəlmişkən, digər kürən cüllütlər kimi əyriburun da məharətlə özünü ölülüyə vurur, yaralanmış kimi göstərir.  
 
Bizdimdik və  caydaq cüllütlər bu fəsilədən olan quşlar arasında ən yaraşıqlı quşlardır. Bizdimdik suyun dayaz yerində gəzişərək yem axtarışında dimdiyi ilə  suyun içini eşələyir.  Şüvül kimi uzun ayaqları ilə addımlayan caydaq cüllüt dimdiyi ilə suyun dibini yoxlayır. Caydaq yuvasında oturanda uzun ayaqlarını qatlayaraq bədəninin arxa hissəsinə sıxır. Çox məzəli mənzərə alınır.