B

Bastiliya

Bastiliya (fransızca la Bastille, tarixi adı la Bastille Saint-Antoine) - 1370-1381-ci illərdə Parisdə tikilmiş qala. Bir vaxtlar dövlət canilərinin saxlanıldığı həbsxana kimi fəaliyyət göstərib.
 
Fransız kralları bu qalanı paytaxtın girişini qorumaq üçün inşa etsələr də, sonradan orada kral hakimiyyətinə qarşı çıxanlar və ya dövlət işlərinə narazılıq bildirən məhbuslar saxlanılıb. Bastiliyaya düşən insan dəmir qapılı dar daş hücrələrdə illərlə vaxt keçirir, aclıq, soyuq, qaranlıq və işgəncələr içində birdəfəlik yoxa çıxırdılar.
 
Əhali arasında kral despotizminə, ölkəni müflis edərək zəngin həyat sürən saray əyanlarına nifrət toplanırdı. Bir vaxt nifrət üsyanla əvəz olundu. Versala (Paris yaxınlığında) toplanan xalq deputatları yeni dövlət quruluşu yaratmaq, kral hakimiyyətini məhdudlaşdırmaq qərarına gəldilər. Buna cavab olaraq kral XVI Lüdovik onları həbs etmək üçün Versala muzdlu qoşun göndərdi. Kral sarayının xəyanəti barədə xəbər tutan Paris əhalisi Bastiliyaya doğru yürüşə başladılar.
 
Böyük Fransa İnqilabının əvvəlində - 1789-cu il iyulun 14-də Bastiliya inqilabçı əhali tərəfindən ələ keçirildi. Minlərlə şəhər sakininin qalaya daxil olduğunu görən qarnizon müqavimətin mənasız olduğunu görərək təslim oldu. Məhbuslar azad edildi. Bir müddət sonra Bastiliya dağıdıldı, onun yerində isə “Burada rəqs edilir və hər şey yaxşı olacaq” (ici l’on danse, ah ça ira, ah ça ira!) yazılmış lövhə quraşdırıldı.
 
Hadisənin baş verdiyi 14 iyul tarixi Fransanın milli bayramına çevrilib. Hazırda dağıdılmış qalanın yerində onlarla küçə və bulvarın kəsişdiyi, üç xətdən ibarət paytaxt metrosunun yeraltı qovşağı və yeni Paris operasının tikildiyi Bastiliya meydanı yerləşir.