Xəbərlər

UNESCO-da balaca rəssamların əsərlərindən ibarət sərgi təşkil edilib

29.04.2014. UNESCO-da balaca rəssamların əsərlərindən ibarət “Bahar balacaların gözü ilə” adlı sərgi təşkil edilib. Sərgidə UNESCO-nun dəvəti ilə Azərbaycanın Əməkdar Rəssamı Əsmər Nərimanbəyovanın təşkil etdiyi atelyedə rəssamlığın sirlərini öyrənən 15 uşağın 30 rəsm əsəri nümayiş etdirilib.

 

Bu balaca rəssamlar Azərbaycanın, Türkiyənin, ABŞ-ın, Fransanın, Böyük Britaniyanın  və  İspaniyanın UNESCO yanındakı daimi nümayəndəliklərində çalışan əməkdaşlarının uşaqlarıdır. 

 

Əsmər Nərimanbəyova sərgi ilə bağlı demişdir: “UNESCO-da rəsm əsərlərindən ibarət təşkil edilən sərgilərdə bir neçə dəfə  iştirak etdiyimə görə qurumun rəhbərliyi ilə sıx əlaqələrimiz yaranıb. Ona görə də belə bir sərginin təşkili mənə etibar edilib. Müxtəlif ölkələrin nümayəndəliklərinin əməkdaşlarının rəngkarlığa həvəs göstərən kiçik yaşlı uşaqları ilə 10 gün ərzində ciddi məşğul oldum  və onlarla birlikdə  baharın gəlişini tərənnüm edən sərgini  təşkil etdik”.

 

Əsmər Nərimanbəyova sərgiyə belə böyük maraq göstəriləcəyini heç təsəvvür etmədiyini söyləyib. Bildirib ki, sərgidə nümayiş etdirilən əsərlər balaca rəssamların bahara, dünyaya baxışlarının qabarıq ifadəsi idi. Onların  arasında gələcəkdə istedadlı rəssamlar yetişəcəyinə inanıram.