Görkəmli şəxsiyyətlər

Cəngəlliklərdə dolaşan nağılbaz - Redyard Kiplinq

İngilis yazıçısı, şairi, novellaçısı Redyard Kiplinq 1865-ci il dekabrın 30-da Hindistanın Bombey şəhərində anadan olub. Rəsmiyyətpərəst “Dumanlı Albion” (İngiltərə) ilə müqayisədə Bombeyin isti və parlaq rəngləri sehrli nağıla bənzəyirdi.  Valideynləri Alisa və Lokvud Kiplinqlər İngiltərədəki Redyard gölünün yanında tanış olduqlarına görə ilk görüş yerinin şərəfinə onu Redyard adlandırmışdılar. 
 
Ekzotik mənzərələr və səslər ilə bol olan Hindistanda uşaqlıq illəri gələcək yazıçının  ən xoşbəxt illəri olub. Amma 5 yaşı tamam olanda bacısı ilə birlikdə təhsil almaq üçün İngiltərəyə yola düşür. Altı il şəxsi pansionda yaşayır. Pansionun sahibəsi madam Roza onunla pis rəftar edir, tez-tez cəzalandırır. Madam Rozanın belə münasibəti Redyarda o qədər pis təsir edir ki, ömrünün sonunadək yuxusuzluqdan əziyyət çəkir. 
 
On iki yaşında valideynləri onu Devon məktəbinə verirlər. O vaxtlar bu məktəb  nüfuzlu hərbi akademiyaya daxil olmaq üçün tramplin rolu oynayırdı. Sonralar bu məktəbdə keçirdiyi illər barədə “Stalki və Kº” avtobioqrafik əsərini yazır.  Məktəbin direktoru Kormel Prays atasının dostu idi. Redyardda  ədəbiyyata marağı məhz bu adam oyadıb. Redyardın məktəbdə yazdığı hekayələrdən təsirlənən atası ona Lahor şəhərində (indiki Pakistan) çıxan “Civil and Military Gazette”  (“Mülki və hərbi qəzet”) nəşrində jurnalist işi tapır. 
 
Kiplinq  1882-ci ilin oktyabrında Hindistana qayıdır və jurnalist işləməyə başlayır.  Onun asudə vaxtlarında yazdığı qısa hekayə və şeirlər reportajları ilə yanaşı dərc olunur. Reportyor işləməsi ölkənin müstəmləkə həyatının müxtəlif tərəflərini daha yaxşı başa düşməsinə kömək edir. 1883-cü ildə əsərləri satılmağa başlayır. 
 
1889-cu ildə İngiltərəyə səyahət edir, sonra Birma, Çin və Yaponiyaya gedir, ABŞ-ı qarış-qarış gəzir, Atlantik okeanını keçib Londonda məskunlaşır. Onu Çarlz Dikkensin ədəbi varisi adlandırırlar. 1890-cı ildə onun “İşıq söndü” adlı ilk kitabı çapdan çıxır. “Şərq  və Qərb haqqında ballada”, “Namuslu Tomasın son nəğməsi” o dövrün ən məşhur şeirləri olur. 
 
Yazıçı Londonda gənc amerikalı naşir Uolkott Beylstir ilə tanış olur. Onlar birlikdə “Naulakha”  povesti üzərində işləyirlər. 1892-ci ildə Beylstir yatalaq xəstəliyindən  ölür. R.Kiplinq onun bacısı Karolina ilə evlənir. Ailə həyatının ilk ayında Kiplinqin əmanət saxladığı bank müflisləşir. Onların pulu yalnız Karolinanın qohumlarının yaşadığı Vermont (ABŞ) şəhərinə gəlməyə kifayət edir. Gənc ailə  dörd il burada yaşamalı olur. 
 
Həmin dövrdə yazıçı yenə də uşaqlar üçün yazmağa başlayır. 1893-1895-ci illərdə  onun məşhur “Cəngəlliklər kitabı” və “İkinci cəngəlliklər kitabı” işıq üzü görür. Bu kitablarda Mauqli haqqında nağıl-povest əsas yer tutur. Povestdə cəngəlliklərdə böyüyən  Mauqli adlı oğlandan danışılır. Odunqıranın iki yaşlı oğlu cəngəlliklərdə itir. Şerxan adlı axsaq pələng  addımbaaddım onu izləyərək qənimətinə çevirmək istəyir.  Uşaq sürünə-sürünə canavar yuvasına gəlir. Ata və Ana canavarlar onu öz ailəsinə qəbul edir və Şerxandan qoruyurlar. Uşağın adını Mauqli ( yəni “qurbağa”) qoyurlar. Ayı Balu və qara panter Baqira Mauqlinin canavarlar ailəsinə qəbul edilməsini dəstəkləyirlər.
 
Mauqli yaramazlara qarşı amansız, güclü və qorxmaz böyüyür. O, adamyeyən Şerxana qalib gəlir, əvvəlcə canavar sürüsünün başçısı, daha sonra tropik meşələrin hökmdarı olur. Mauqlinin  xeyirxah və mehriban ürəyi var. Onun bu keyfiyyətləri Akela (canavarların başçısı), Balu, Baqira və Kaa adlı ilana qarşı qayğıkeş münasibətində  görünür. Mauqli şüurlu olduğu üçün cəngəlliklərin qanunlarını dərk edə bilir. O, tropik meşələrin sakinlərinə  “Bizim qanımız birdir, sənin də, mənim də” sözləri ilə müraciət edir. Buna görə də onu hamı sevir. Onu “Rədd ol!” sözləri ilə daşa tutan insanlara qarşı ürəyində kin saxlamır. Cəngəllik qanununa əsasən, bir müddət sonra insanların yanına qayırdır və onları  bağışlayır. 
 
1899-cu ildə Kiplinq ailəsi ilə birlikdə  bir neçə ay Cənubi Afrikada yaşayır. 1901-ci ildə onun ən yaxşı əsərlərindən biri sayılan “Kim” romanı çapdan çıxır. Yazıçı Afrikada uşaqlar üçün yeni kitabına material toplamağa başlayır. Bu kitab “Sadəcə nağıllar” adı ilə 1902-ci ildə işıq üzü görür.  
 
Həmin il o, İngiltərənin Sasseks qraflığında ev alır və ömrünün sonunadək burada yaşayır. Burada o, məşhur “Puk təpəsindən gələn Pak” və “Mükafatlar və pərilər” kitablarını yazır. Bu kitablarda qədim ingilis nağılları yazıçının Şekspirin pyeslərindən əxz etdiyi personajın - nağılbaz elf Pakın dili ilə nəql edilir.   
 
Yazıçı eyni zamanda siyasi fəaliyyətə başlayır. Buna görə də onun ədəbi fəaliyyəti bir qədər zəifləyir. Əvvəlcə qızının, onun ardınca isə oğlunun vəfat etməsi yazıçıya böyük zərbə vurur. 
 
1907-ci ildə Kiplinq ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən ilk  ingilis yazıçı olur. Elə həmin il o, Paris, Strasburq, Afina və Toronto universitetlərinin  mükafatlarına, habelə Oksford, Kembric, Edinburq və Darem universitetlərinin  fəxri dərəcələrinə layiq görülür. 
 
Redyard Kiplinq ədəbi fəaliyyətini ötən əsrin 30-cu illərinə qədər davam etdirir, amma daha əvvəlki kimi uğur qazana bilmir. Yazıçı 1936-cı il yanvarın 31-də Londonda vəfat edir və Vestminster abbatlığının Şairlər guşəsində dəfn edilir. 
 
“Cəngəlliklər kitabı”, “Kim”,  habelə çoxsaylı şeirləri onun ən yaxşı əsərləri sayılır.