Bu maraqlıdır!

Londonun simvolu: qırmızı ikimərtəbəli avtobus

İkimərtəbəli avtobusları dünyanın bir çox ölkəsində görmək olar. Lakin məhz qırmızı London “doubledecker” (ingilis dilindən tərcümədə - ikiyaruslu) avtobusu Böyük Britaniya paytaxtının dünyaca məşhur simvoluna çevrilib. Bu gün biz həmin əfsanənin nədən başladığını öyrənəcəyik.
 
London küçələrində ilk avtobuslar hələ 1829-cu ildə peyda olub. Omnibuslar adlanan bu avtobusları atlar çəkib aparırdı. Atların qoşulduğu omnibusda səyahət etmək o qədər də xoşagələn deyildi. O, çox yavaş hərəkət edirdi, taxta oturacaqlar isə həddən artıq sərt və narahat idi. Sürətlə bağlı problemin mümkün həlli üçün xüsusi relslər üzərində hərəkət edən omnibus vaqonu hazırlandı. Ona “at tramvayı” adı qoyuldu.
 
Tədricən omnibusların quruluşu dəyişdi. Atların işini asanlaşdırmaq üçün yollara relslər döşəndi. Elektrik enerjisinin kəşfindən sonra atlara ehtiyac qalmadı – tramvaylar istifadəyə verildi. Atlara qoşulmuş sonuncu ictimai nəqliyyat vasitəsi 1914-cü il avqust ayının 4-də London küçələrinə çıxdı. Bundan sonra onların yerini bütövlüklə əsl avtobuslar tutdu.
 
“Routemaster” (ingilis dilindən tərcümədə “yolların sahibi”) ən məşhur ikimərtəbəli avtobus olaraq qalır. O, 1954-cü ildə yaradılıb və artıq 1956-cı ilin fevral ayında London küçələrinə çıxıb. Elə həmin vaxtdan “Routemaster” Londonun populyar simvoluna çevrilib.
 
Onun populyarlığının səbəblərindən biri unikal dizaynıdır: “Routemaster”in qapıları olmayıb, minmək və enmək açıq arxa platformadan həyata keçirilib. Sərnişin nəinki dayanacaqlarda, həmçinin yol ayrıclarında, işıqforlarda və əsasən də tıxaclarda avtobusdan enə bilirdi. Sərnişinlər ikinci mərtəbəyə salonun mərkəzindəki pilləkən vasitəsi ilə qalxırdılar. Yuxarıda yerləşən kiçik pəncərələrdən isə London həyatının axarına tamaşa etmək olardı.
 
Həmin ikimərtəbəli avtobuslar öz dövrü üçün o qədər mükəmməl və keyfiyyətli idi ki, bəzi modellər hələ də London küçələrində hərəkət edir. Onlar əsaslı şəkildə təmir edilib, yenilənib və “Heritage Bus” adlandırılıb.
 
“Heritage Bus” Londonun adi avtobus marşrutlarında, əsasən də şəhərin mərkəzində fəaliyyət göstərir və statusuna görə müasir “doubledecker”lərdən fərqlənmir. Lakin bu avtobuslarda şəhəri gəzmək daha maraqlıdır və insan sanki keçən əsrin 60-cı illərinin London mühitinə daxil olur.
 
Sıradan çıxmış köhnə  “Routemaster”lər satışa çıxarılırdı və hər kəs bir neçə min funt sterlinqə London tarixinin bir hissəsinə sahib ola bilərdi. Beləliklə avtobuslar fantaziyalarının imkanı daxilində onlarla istədiyini edə bilən yeni sahiblərinin əlinə düşürdü.
Bəzi avtobuslar Kanadaya, Şri-Lankaya, Çinə, Malayziyaya, Yaponiyaya və başqa ölkələrə aparılıb. Digər avtobuslar muzeylərdə və şəxsi turizm kompaniyalarında özünə yer tapıb. Avtobuslardan biri isə Londonun “East End” rayonunda populyar vegetarian restoranına çevrilib.
 
Londonun müasir ikimərtəbəli qırmızı avtobus modelləri 2000-ci ildə yaradılıb. Onlar hər gün şəhərin milyonlarla əhalisinin  və dünyanın hər yerindən gələn turistlərin istifadə etdiyi ekoloji təmiz, rahat, səliqəli və təhlükəsiz nəqliyyat vasitələridir. Qırmızı ikimərtəbəli London avtobusu indiyə qədər də Böyük Britaniyanın və onun əzəmətli paytaxtı, London şəhərinin təkrarolunmaz simvolu olaraq qalır.