Bu maraqlıdır!

“Mona Liza”nın sirri

 
Leonardo da Vinçinin 1505-ci ildə çəkdiyi “Mona Liza” rəsmi indiyə qədər dünyanın ən populyar təsviri sənət əsəri sayılır. Əslində rəsm nə “Mona Liza”, nə də ki, “Cokonda” deyil, “Xanım Liza del Cokondonun portreti” adlanır. Leonardo da Vinçi rəsmi öz emalatxanasında çəkib və ölənə qədər də ondan ayrılmayıb.
 
Belə hesab olunur ki, rəsmdə florensiyalı ipək taciri Françesko del Cokondanın həyat yoldaşı Liza Cerardini təsvir olunub. Düzdür, əsər haqda daha ekzotik versiyalar da mövcuddur. Onlardan birinə görə “Mona Liza” Leonardonun anası Katerina, digərinə görə isə rəssamin avtoportretidir.
 
Rəsmdəki qadının müəmmalı üz ifadəsi hələ də açılmamış sirr olaraq qalır. Bundan başqa əsər rəssamın istifadə etdiyi qeyri-adi işləmə tərzi ilə də məşhurdur. Əfsanəyə görə ağır xəstə olan Leonardo da Vinçi ölümündən öncə “Cokonda”nı Fransa kralı I Fransiskə 4 min qızıl pula satıb. Həmin dövr üçün bu, böyük məbləğ idi.
 
Bir vaxtlar “Mona Liza” Napoleon Bonapartın o qədər xoşuna gəlib ki, o, əsəri Luvrdan Tyuilri sarayına gətirərək öz yataq otağında asıb. Napoleonun rəsm sənətindən anlayışı olmasa da, Leonardonu yüksək qiymətləndirirdi. İmperator olandan sonra Napoleon rəsmi Luvr muzeyinə qaytarır.
 
II Dünya müharibəsi illərində Luvr muzeyində saxlanan kolleksiyaların bir çoxu Şambor qəsrində gizlədilir. “Mona Liza” da onların arasında idi. Məşhur əsərin gizlədildiyi yer müharibənin sonuna qədər gizli saxlanılır.
 
Bir çox alimin iddiasına görə Mona Lizanin gözlərində gözlə görünməyən xırda rəqəmlər və hərflər gizlədilib. Ola bilsin ki, bu Leonardo da Vinçinin inisialları və rəsmin çəkildiyi tarixdir.
 
Əsər Luvr muzeyində saxlanıldığı müddət ərzində bir dəfə də olsun ciddi zədə almayıb. Hal bu ki, onu turşu, daş, saxsı qab və boyalarla zədələməyə çalışıblar. Bu rəsm əsəri qiymətsiz sayılır və buna görə də, onu sığortalamaq mümkünsüzdür.
 
“Mona Liza” yalnız bir dəfə 1911-ci ildə Luvr muzeyindən oğurlanıb və onu yalnız iki ildən sonra tapmaq mümkün olub.
 
“Mona Liza”nın Luvr muzeyində fərdi zalı var. Zal elektronikanın nəzarət etdiyi xüsusi münasib temperatura malikdir. Sənət əsərinin özü isə güllə keçirməz şüşənin arxasına yerləşdirilib. Həmin otaq xüsusilə əsər üçün tikilib və muzeyə 7 milyon dollara başa gəlib.
 
İntibah dövrünün təkrarolunmaz əsəri indiyə qədər də bütün dövrlərin ən görkəmli şedevri sayılır.