İ

İçərişəhər

İçərişəhər
 
Qədim yaşayış məskəni, dövlət tarix-memarlıq qoruğu
 
Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Hazırda həm 1300-dən çox ailənin yaşadığı yaşayış məhəlləsi, həm də tarixi memarlıq kompleksidir.
İçərişəhər kompleksi Xəzər dənizinin sahillərindəki, alçaq təpədə 22 hektar ərazini əhatə edir. Hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatələnib.
 
Orta Şərqin ən qədim yaşayış məskənlərindən biridir. Qazıntılar zamanı insanların bu ərazidə hələ tunc dövründə məskunlaşdığı məlum olub. Kompleksdəki üç abidə – Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir.
İçərişəhər ümumi əlamətlərlə birləşən Ağşalvarlılar, Gəmiçilər, Arabaçılar, Hamamçılar, Seyidlər, Cuhud Zeynallar (yəhudi məhəlləsi) və digər məhəllələrdən ibarət olub. Qədimdə iki darvazası Şamaxı və Salyan darvazaları vardı.
 
1977-ci ildə İçərişəhər kompleksi tarix-memarlıq qoruğu statusu alıb.
 
2000-ci ilin dekabrında Kompleks Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.
İçərişəhərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Muzeyi, Azərbaycan Milli Ensiklopediyasının Ensiklopedik Mərkəzi yerləşir.
 
Burada Azərbaycan kinosunun "Arşın mal alan", (1945, 1965), "O olmasın, bu olsun" (1956), "Uşaqlığın son gecəsi" (1968), "Bir cənub şəhərində" (1969), "Şərikli çörək" (1969), "Gün keçdi" (1971) kimi inciləri ilə yanaşı, “Amfibiya adam" (1961), "Brilliant əl" (1968), "Tehran-43" (1981) kimi sovet bədii filmlərinin də müəyyən epizodlarının çəkilişləri aparılıb.