Bu maraqlıdır!

Yoqlar mıx üstündə necə uzanırlar?

Kiminsə mıx üstündə uzana bildiyini eşidən insanların çoxu o dəqiqə təsəvvürünə mıxlar üstündə sanki adi çarpayıda uzanmış kimi saatlarla dincələn müdrik hindli yoqlarını gətirir. Belə hesab edilir ki, mıxlar düzülmüş belə yataqdan istifadə praktikası Hindistandan gəlib. Hərçənd tarixçilər hələ də birincilik budağını mıxlar üstündə uzanmağa çox bənzəyən və həkimlərin fikrincə, orqanizmə sağlamlaşdırıcı təsir göstərən iynəbatırma deyilən akupunkturanı ilk dəfə tətbiq edən Çinə verib-verməmək üstündə mübahisə edirlər. Necə olursa-olsun, amma hazırda mıx üstündə uzanmaq kimi eksperimentləri çox vaxt yalnız əyləncə xətrinə sirklərdə, fokus göstərilən attraksionlarda və digər belə məkanlarda aparırlar. 
 
Bəs nə üçün yoqlar və digər cəsur sınaqçılar belə yataqda uzanmaqdan qorxmurlar. Axı hamımız bilirik ki, mıxlar incə dərini asanlıqla, özü də yetərincə dərindən dəlib deşir. Əslində, bu adamlar heç bir fövqəladə gücə malik deyillər, sadəcə adi fizika qanunlarını bilirlər.  Gördüyünüz kimi, elmli olmaq başqalarının gözündə möcüzələr yaratmağa kömək edir. Siz də bu fokusun sirrini öyrənmək istəyirsinizmi? 
 
Sən demə, iş təzyiqdədir. Gəlin belə bir sadə misalı nəzərdən keçirək: zərif cinsin nümayəndəsinin nazik hündür daban çəkmələrinin asfalt örtüyə təzyiq qüvvəsi filin pəncəsi ilə müqayisədə daha güclüdür. Deyə bilərsiniz ki, bu necə olur? Axı filin çəkisi ən ağır çəkili qadından da xeyli çoxdur.
 
Hər şey çox sadədir: nazik hündür dabanın səthinin sahəsi filin pəncəsinin altı ilə müqayisədə xeyli kiçikdir, yəni insan bədəninin çəkisinin bütün təzyiqi bu nazik dabanın üzərinə düşür. Filin isə çəkisi onun pəncələrinin altının bütün səthi boyu bərabər paylanır və onun yerə təzyiqi xeyli azalır. Bu fiziki hadisəni düstur şəklində belə ifadə etmək olar: təzyiq təzyiq qüvvəsinin səthin sahəsinə nisbətinə bərabərdir. Beləliklə, böyük təzyiq böyük qüvvə ilə gəlir və səthin sahəsinin ölçüsü nə qədər böyük olsa, təzyiq də bir o qədər kiçik olur.  
 
Bizə aşağı siniflərdən yaxşı tanış olan daha bir maraqlı misal: qışda qar yığınlarının üstündən gedəndə ayağımız qarın içinə girir.  Amma əgər xizək geyinsək və eyni qar yığınının üstündə dayansaq, ayağımız daha qarın içinə girmir. Bəs nə üçün belə olur? Heç bu barədə  düşünmüsünüzmü? Məsələ bundadır ki, bədənin bütün təzyiqi ayağın altına düşür, buna görə də ayaq ağırlaşır və qarın içinə girir. Amma xizək geyinəndə çəkiniz xizəyin bütün uzunluğu boyu bərabər paylanır, buna görə təzyiq azalır, siz sanki daha yüngül olursunuz və daha dizə kimi qarın içinə batmırsınız. 
 
Minlərlə mıx düzülmüş çarpayı da eyni prinsiplə təsir göstərir. İnsan bu çarpayıya uzananda ayrıca götürülmüş hər bir mıxın payına bədənin təzyiqinin minimum qüvvəsi düşür və onun da dərini deşməyə gücü çatmır. Əgər mıxların sayı az, məsələn, cəmi 10 olsaydı, onda bədənin çəkisinin təzyiqi çoxalar,  yəni dərini dərindən deşməyə yetər. 
 
Əsl məharət belə çarpayıya düzgün uzanıb düzgün qalxmaqdadır. Belə çarpayıda sadəcə uzanmaq, rahatlamaq üçün bir böyürdən o biri böyrü üstünə çevrilmək heç bir işə yaramır. Tamamilə boşalmış vəziyyətdə uzanmaq, bədənin mıxların üstündə bərabər “yayılmasına” imkan vermək lazımdır. 
 
Onu da bilin ki, belə çarpayıya vurulan mıxların arasındakı məsafə bərabər olmalıdır. Yoxsa təzyiq qeyri-bərabər paylanar və dərini zədələmək riski yaranar. Əgər bir mıx o birilərindən azacıq yuxarı olsa, onda bütün təzyiq qüvvəsi onun üzərinə düşəcək və bədbəxt eksperimentçinin bədənini deşəcək. 
 
Odur ki, belə çarpayını müstəqil düzəltməyə çalışmayın, çünki hər bir səhv sağlamlığınıza ciddi zərbə vura bilər. Sifarişlə bu xidməti göstərən xüsusi adamlar var. Nə qədər çətin bir iş olsa da hinduların “həyat gücü xalçaları” (Shakti mat)  adlandırdıqları belə xalıları sifarişlə hazırlayan sənətkarlar var.