E

Eynşteyn Albert

Albert Eynşteyn
 
Albert Einstein
 
Görkəmli fizik.
1879-cu il martın 14-də Almaniya da anadan olub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. Doqquz yaşına qədər danışa bilməyən Albert əvvəlcə dərslərdə çox geridə qalsa da 9-10-cu siniflərdə bütün həmyaşıdlarını qabaqlayır. 1896-cı ildə İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirib.
 
Müxtəlif illərdə Sürix, Praqa və Berlin Universitetinin professoru olub. 1933-cü ildə siyasi səbəblərə görə Almaniya vətəndaşlığından imtina edərək ABŞ-a köçüb və Prinston Universitetində professor kimi çalışmağa başlayıb.
 
Eynşteynin böyük şöhrət qazanması II Dünya müharibəsindən sonrakı illərə təsadüf edib. 1945-ci ildə ABŞ prezidenti Ruzveltə yazdığı məktubunda nüvə silahının yaradılması barədə xəbər verən fizik Xirosima və Naqasaki faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən dərin peşmanlıq hissi keçirib. Bu hadisədən sonra ömrünün sonuna qədər nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparıb.
1955-ci il aprelin 18-də Albert Eynşteyn Prinston şəhərində aorta anevrizmindən vəfat edib. Nəşi krematoriyada yandırılır və külü havaya sovrulur.
 
Eynşteyn nisbilik nəzəriyyəsi, xüsusilə də kütlə və enerjinin arasında məşhur E=mc² ekvivalentinin yaradıcısıdır.
 
O, fizika elminə həmçinin kapilyar hərəkət, kritik opalesensiya, statik mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi, məhlullarda Braun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (bununla Foton nəzəriyyəsinin əsası qoyulub), radiasiya nəzəriyyəsi, və digər elmi tədqiqat işləri bəxş edib.
 
1921-ci ildə nəzəri fizika elmində xidmətlərinə, ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına, 1925-ci ildə Copley, 1935-ci ildə Franklin nişanlarına layiq görülüb.
 
1999-cu ildə Time jurnalının keçirdiyi sorğuya əsasən "Əsrin adamı", tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövrlərin və xalqların ən böyük fiziki hesab olunub.