K

Kərgədan

Kərgədan planetimizdə böyüklüyünə görə fildən sonra ikinci quru heyvanıdır. Kərgədan nəhəng məməlidir. Qoca erkək kərgədanların kütləsi 4-5 ton, bədəninin uzunluğu 4,2 metrdir. Müasir kərgədanların burnundakı buynuz onların əsas fərqləndirici əlamətidir.
 
Növündən asılı olaraq buynuzların sayı bir və ya iki ola bilər. Qazıntı halında tapılan əcdadlarının ümumiyyətlə buynuzu olmayıb. Kərgədanlar  Cənub-Şərqi Asiyada və Afrikada məskunlaşıb. Xüsusən Cənubi Afrika Respublikası, Namibiya, Zimbabve, Konqo və Cənubi Sudanın şimal rayonlarında geniş yayılıb.
 
Kərgədanların bədəni böyük, ətrafları qısa və yoğundur. Boz və qəhvəyi rəngli dərisi qalındır. Kərgədanların görmə qabiliyyəti zəifdir, ancaq onun bu qüsurunu incə iy duyğusu və mükəmməl eşitmə qabiliyyəti ört-basdır edir. 
 
Kərgədan otyeyən heyvandır, tək yaşayır, bəzən savannalarda kiçik qrup şəklində birləşir. 
 
Kərgədanlar çox təhlükəlidir, gözlənilməz hərəkətlər edə bilər. Kərgədan çəkisinin təzyiqi, dırnaqlarının və buynuzlarının qorxunc zərbələri ilə yolunun üstündəki bütün maneələri vurub keçir. Sürətini çox artırmağa, məsələn, saatda 30 kilometrə çatdırmağa qadirdir. Belə bir fakt məlumdur ki, yaşlı kərgədan qatarın iki vaqonunu itələyib relsdən çıxarıb.