Bu maraqlıdır!

Portu - körpülər və dənizçilər şəhəri

Özünəməxsus, qədim, maraqlı, rəngarəng, Portuqaliyanın “atası” olan, ona adını verən bu əsrarəngiz şəhərlə tanış olmağa nə deyirsiz? Qədim və müasir Portu, şəhərin içindən uzanıb keçən Duero çayının sahilində yerləşir. Şəhərin sahillərini həm də Atlantik okeanı yuyur və bu iki səbəb də onu Avropanın ən vacib limanlarından biri edir. Portu şəhəri YUNESKO-nun qorunan irsi siyahısındadır.
 
Portuqaliyanın Lissabondan sonrakı ən böyük şəhəri olan Portu öz tarixi abidələri, Duero çayı üzərindən salınmış körpüləri, dadlı mətbəxi, şərabçılıq ənənələri, mehriban insanları ilə məşhurdur. 1906-ci ildə açılmış “Lello & Irmão Bookshop” kitab evi dünyadakı ən zəngin kitabxanalrdan sayılır. Burada müxtəlif yazıçı, şair, filosof, alimlərin müxtəlif dillərdə nəşr olunmuş saysız-hesabsız kitabları satılır. 
 
Bəs Portunun qədim tarixi abidələri? Onları görməyə dəyər! Gimaraynş qəsri, Katedral, I Luiş körpüsü, Tramvay muzeyi, Billur saray, San-Fransişku kilsəsi, Ribeyra rayonu, San Bentu dəmiryolu vağzalı... Bilirsinizmi I Luiş körpüsünü kim inşa edib? Körpünü məşhur Qustav Eyfel və Azadlıq heykəlinin müəllifi, Eyfelin dostu və şagirdi olan Teofil Seyriq 1881-1886-cı illərdə inşa ediblər. 
 
Buranın insanları çox mehriban və gülərüzdür. Həm də əltutandırlar. Tez-tez şəhərin müxtəlif küçələrində kasıblar üçün açılmış süfrələri görmək olar. Burada yemək pulsuzdur və hər kəs qarnını doyura bilər. Şəhərin havası Atlantik okeanının sahilində yerləşdiyi üçün dəyişkən və sərindir. Burada heç vaxt dəhşətli istilər olmur.