R

Rahatluqum

Rahatluqum  məşhur Şərq şirniyyatıdır. Ərəbcə “rahətülhülqum” “rahat tikələr” deməkdir. Rahatluqumun tərkibinə patka, şəkər və nişasta daxildir, dad müxtəlifliyi vermək üçün bu şirniyyata müxtəlif inqrediyentlər  - giləmeyvə, yaxud meyvə şirəsi, qoz-fındıq, şokolad, şəkərlənmiş meyvə, vanil, kokos yonqarı və s. əlavə edilir. XVIII əsrin axırında İstanbulda yaradılmış rahatluqumun resepti, demək olar, dəyişməyib. 
 
Bu şirniyyatın düzgün hazırlanmasının sirri şirin kütlənin xüsusi səylə fasiləsiz qarışdırılmasında və uzun sürən soyuma prosesinə ciddi əməl olunmasındadır. Onun reseptini Osmanlı sultanının qənnadçısı Əli Hacı Bəkir düşünüb. Rəvayətə görə, həşəmətli sultan bir gün nabat yeyərkən bərk olduğu üçün dişini sındırır. Buna görə də qənnadçıya yaman qəzəblənir. O da bir gecənin içində sultana yeni yumşaq desert düşünür. 
 
XIX əsrdə rahatluqum Brüssel sərgisində nümayiş etdirilir. Şirniyyat qızıl medala layiq görülür və bütün Avropada geniş yayılır.  Burada rahatluqumu “Turkish Delight”, yaxud “türk ləzzəti” adlandırmağa başlayırlar.