Odlar Yurdu

Qaçaq Nəbi

Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi 1854-cü ildə Gəncə quberniyasının Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) anadan olub. Onun qaçaqçılıq etməsinin maraqlı tarixçəsi var.
Nəbinin atası Alı kişi ailəsindəki çətinliklər ucbatından onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyir. Nəbi bu haqsızlığa dözməyib mülkədara müqavimət göstərir və bundan sonra qaçaq düşür.
Nəbinin qaçaqçılıq həyatı 1875–ci ildən başlayır. Kəndlilərdən ibarət dəstə düzəldib Naxçıvan və Zəngəzur qəzalarında çar rejiminə və zülmkar bəylərə qarşı mübarizəyə başlayır.
Nəbinin qaçaqçılıq fəaliyyətinə başlaması sosial ədalətsizliyə qarşı barışmaz münasibətindən irəli gəlsə də, dəfələrlə həbs olunması rejimə nifrəti daha da artırırdı. Nəbi dəstəsi ilə birgə kəndliləri zalımlardan müdafiə edir və mülkədarların var-dövlətini əllərindən alaraq onlara paylayırdı.
Qaçaq Nəbinin həyat yoldaşı öz igidliyi və cəsarəti ilə ad çıxarmış Həcər onun ən yaxın silahdaşı idi.  Həcər xanım da onunla birgə çiyin-çiyinə, əlində silah at belində zülmkarlara qarşı mübarizə aparırdı.
Çar hökuməti qaçaq Nəbini və onun dəstəsini məhv etmək üçün 20 il çalışsa da, məqsədinə nail ola bilmir. Sonda Nəbi bir xəyanətin qurbanı olur. 1896-cı ilin mart ayında Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasındakı Larni kəndində rus casusları tərəfindən hazırlanmış pusquya düşərək öldürülür.
Qaçaq Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Nəbinin qəhrəmanlığından bəhs edən dastanlar, mahnılar və şeirlər qoşulmuşdur. Bu əfsanəvi xalq qəhrəmanı haqqında şair, dramaturq Süleyman Rüstəm “Qaçaq Nəbi” pyesini yazıb və Nəbinin igidliyindən bəhs edən “Atları yəhərləyin” adlı bədii film çəkilib.