Bizi əhatə edən dünya

Durna məşhur quşdur

Bir zaman havada qanad saхlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz,
Bir хəbər vеrsəniz bizə, durnalar!
 
Molla Pənah Vaqif 
 
 
Durna məşhur quşdur. Nağıl və təmsillərdə, mahnı və atalar sözlərində onun adı tez-tez çəkilir. Bu quşu tanımayan adam yoxdur. Durnakimilər dəstəsinin bütün nümayəndələrini onların xarici görünüşü birləşdirir. Uzunsov bədəni, uzun düz ayaqları və uzun dimdiyi olan, eyni zamanda hacıleyləyi xatırladan bu quşların ölçüsü kifayət qədər böyükdür, çəkisi isə 15 kiloqrama çatır. Amma hacıleyləkdən fərqli olaraq, durna heç vaxt ağaca qonmur. Yalnız uzaq bataqlaşmış meşələrdə yaşayan tropik durna növləri arama və balabansəs pis uçsa da, ağaclara qonur və yerdə sürətlə hərəkət edir. Durnaların sevimli məskəni çöl və bataqlıq ərazilərdir. Cənubda yaşayan durnalar köçəri quşlar deyil, şimaldakılar isə qışlamaq üçün cənuba üz tutur. Bu quşlar toxum, giləmeyvə (quşüzümü), bitkilərin kök yumruları, onurğasızlar, balıq, suda-quruda yaşayanlar, xırda məməlilərlə qidalanır. 
 
Çoxsaylı durna növləri arasında boz durna, daur durnası, Kanada durnası, qara durna (rahib), ağ durna (sterx), Mançjuriya durnası və telli durnanın adlarını çəkmək olar. Durna ağacda deyil, yerdə yuva qurur və adətən 1-3 yumurta qoyur.  Yalnız tropik ərazilərdə yaşayan durnalar 5-10 yumurta qoyur. Durnaların çoxunun bir xüsusiyyəti var. Lələkdəyişmə zamanı iri lələklərinin hamısını  tökür və bu da ildə iki dəfə baş verir. Artıq bütün durna növləri nadir quşlara çevrilib. Yapon durnası, ağ durna, daur durnası və qara durnanın isə nəsli kəsilmək üzrədir. 
 
Boz durna daha geniş yayılıb. Bu uzunboğaz və uzunayaq quşun bədəninin uzunluğu  95-120 santimetrə çatır. Onun lələkləri qara və ağ sahələri olan boz rəngdədir. Uçan zaman boynu və ayaqları gərilmiş vəziyyətdə olur. Səmada süzən durna dəstəsi qatarı xatırladır. Meşə-tundra zonasından tutmuş səhraya qədər müxtəlif təbiət zonalarında,  Skandinaviya yarımadasından tutmuş Orta Asiya və Kolımaya qədər geniş məkanda - bataqlıq ərazilərdə, bataqlaşmış meşələrdə, çaybaşı bataqlıqlarda və çaybasar çəmənlərdə yaşayır. Mərkəzi Avropa və Skandinaviya durnaları İspaniya, Portuqaliya, yaxud Şimali-Qərbi Afrikada qışlayır. Hazırda durna tez-tez təsadüf edilən quş deyil. Bu quşların mühafizəyə ehtiyacı var. 
 
Daha bir məşhur durna sterxdir (ağ durna). Gözəl bədən quruluşu olan bu iri quşun çəkisi 5-8 kiloqram, hündürlüyü təqribən 140 santimetr, qanadları açıq vəziyyətdə təqribən 260 santimetrdir. Ağ rəngdə olduğu üçün sterxi ağ durna adlandırırlar. Başının qabaq hissəsi, dimdiyi və ayaqları isə qırmızı rəngdədir. 
 
Qara rəngli boğazı, başında qırmızı “papağı” olan Ussuri, yaxud yapon durnası da ağappaqdır. Bu durnanı fərqləndirən cəhət onun mahir rəqqas olmasıdır. Əslində, bütün durnalar bu və ya digər dərəcədə rəqs edir, amma Ussuri durnası bu işin ustasıdır. Qoca və cavan erkək və dişilər təkcə baharda deyil, ilin bütün fəsillərində rəqs edir, bununla da bir-birinə məhəbbətini ifadə edir. Ussuri durnası isə hətta qışda qarın üstündə rəqs edir. Qeyd edək ki, bu quşlar nikah yaşına gec çatır.
 
Onlar adətən qarınları tox olanda rəqsə başlayır. Əvvəlcə xoş avazla oxuyur, sonra bir-birinin qarşısında baş əyir, qanadlarını çırparaq süzməyə başlayır və getdikcə sürəti artırırlar. Bədahətən bir-birinin qarşısında hərəkətsiz dayanır, sonra yenə də sürəti gah artıraraq, gah da yavaşıdaraq nazla rəqs etməyə davam edirlər. Arabir sanki pərvaz edirlərmiş kimi havaya sıçrayır, bəzən isə lap yüksəyə - iki metr hündürlüyə qalxırlar. Belə hərəkətlərin birində sanki qucaqlaşaraq, yavaş-yavaş yerə enirlər. Adətən rəqs burada bitir.  Lakin yenidən başlaya da bilər. Tərəf-müqabillər yenə də dövrə vurur, havaya qalxır, bədahətən dimdiklərini yuxarı tutub hərəkətsiz dayanır, yenə dövrə vururlar. Bəzən yerdən yonqar və ya çubuq tapıb yuxarı atırlar. Bu quşların rəqs hərəkətləri çox gözəl və zərifdir. Durnalar adətən cüt rəqs edirlər. Amma kollektiv rəqs də ola bilər.
 
Bədəninin uzunluğu 90 santimetr olan telli durna dünyanın ən kiçik durnasıdır. Telli durnanın libası bir qədər sadədir. Bu adı ona  başının hər iki tərəfini bəzəyən uzun ağ lələklərə görə veriblər. 
 
Ən gözəl durna isə taclı durnadır. Onun boynunun ardını çoxlu qızılı nazik lələklərdən ibarət yelpiyəbənzər tac bəzəyir. Taclı durnanın özü qara, qanadlarının ucları ağ rəngdədir, yanaqlarına sanki ənlik çəkilib. 
 
Məlum olduğu kimi, durnalar vağ və hacıleyləyə bənzəyir. Bir vaxtlar hətta hacıleyləyi durnanın yaxın qohumu sayırdılar. Yeri gəlmişkən, əvvəllər alimlər də belə düşünürdülər.  Ancaq hacıleylək və durna tamamilə fərqli quş dəstələrinə aiddir. Durna uçanda boynunu irəli, ayaqlarını isə geri uzadır. Bununla onu vağdan asanlıqla ayırmaq olar. Axı durnadan fərqli olaraq, vağ uçanda boynunu “S” hərfi şəklində bükür. Durnanın daha bir unikal xüsusiyyəti onun boynunu əyəndə ilgəkvari forma alan çox uzun nəfəs borusudur. Boğazının belə quruluşu sayəsində  durnalar ucadan qaqqıldaya bilir. Onların hamıya yaxşı tanış olan qaqqıltısını bir kilometr uzaqdan eşitmək olar.