Yumor

Güldürərək düşündürən insan - Molla Nəsrəddin

Səkkiz əsrə yaxındır ki, Molla Nəsrəddin Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə məşhurdur. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, hansısa lətifə düşür. O, 800 ilə yaxındır ki, bəşəriyyəti güldürür və güldürə-güldürə də düşünməyə məcbur edir. Türk dünyasında bu insan molla, əfəndi, Xoca Nəsrəddin, Molla Nəsrəddin adları ilə təqdim olunur.


Hərdən düşünürsən ki, müxtəlif adlar verilmiş bu insan mifik obrazdır. Amma heç də belə deyil.


1308-ci ildə anadan olmuş Molla Nəsrəddin Kiçik Asiyada Konya sultanlığının quberniyası sayılan Ağşəhərdə yaşamışdı. Müəyyən dövrdə Nəsrəddin məsul ruhani vəzifəsini – qazi vəzifəsini yerinə yetirmiş, yəni şəriət hakimi olmuşdu. Onun həyatı Səlcuqilər sülaləsinin süqutu, monqol ağalığının başlanması dövrünə təsadüf edir. Həm şair, həm dərviş olan Nəsrəddin diribaş, fərasətli, hazırcavab adam idi. Bütün çətin vəziyyətlərdən çıxış yolu tapır, hər bir hadisəni istədiyi kimi yoza bilirdi.


Təsadüfi deyil ki, Molla Nəsrəddin müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğmadır. Onun adı mifik bir şəxs kimi çəkilsə də, Molla Nəsrəddin  türk mədəniyyətinin tarixinə adını əbədi həkk etmiş bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq, məna var.


Molla Nəsrəddinin lətifələrində insanı heyrətə salan yığcamlıq və məntiq indiyədək tam araşdırılmayıb. Dünya yumorunda Molla Nəsrəddin kimi güldürən və eyni zamanda, düşündürən elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir.