Görkəmli şəxsiyyətlər

Nobel qardaşları

Bakıda ilk xarici firmanın əsasını İsveçin məşhur mühəndis və ixtiraçı ailəsindən olan Nobel qardaşları qoyub. Ataları Emmanuel Nobel 1843-cü ildə İsveçdən Rusiyaya köçür. O, Peterburq şəhərində mexanika zavodu alaraq silah istehsalına başlayır. Onun hazırladığı sualtı minalar Krım müharibəsi zamanı Peterburqda və Kronştadda İngiltərənin hərbi gəmilərinə qarşı istifadə olunur. Nobel, həmçinin hərbi gəmilər üçün buxar maşınları da istehsal edib.
 
Krım müharibəsi başa çatandan sonra dövlət sifarişləri dayandırılır və Nobel iflas təhlükəsi qarşısında qalır. İflasdan birtəhər yaxa qurtaran Emmanuel həyat yoldaşı və iki oğlu - Alfred və Elmarla birgə Peterburqdan vətəninə qayıdır. Onun digər iki oğlu – Lyüdviq və Robert isə Peterburqda qalır.
 
Vətənə qayıtdıqdan sonra Emmanuel Nobel burada kimya laboratoriyası açır.
 
Alfred Nobel isə o dövrün ən güclü və dağıdıcı partladıcı maddəsi olan dinamiti ixtira edir. O, partladıcı maddələrin istehsalı ilə məşğul olan bir neçə müəssisənin təşkilatçısı və sahibinə, həmçinin dünyanın ən varlı insanlarından birinə çevrilir.
 
Peterburqu tərk etməyən Lyüdviq və Robert “Nobel qardaşları yoldaşlığı” kompaniyasını yaradır. Onlar zavodlara maşın və avadanlıq satır, yeni yaradılmış hərbi nazirlik ilə ticarət əlaqələri qurur.
 
İjevskdə silah zavodunu icarəyə götürən qardaşlar 7 il ərzində Rusiya ordusuna tüfəng hazırlamaq barədə öhdəlik götürür. Lakin tüfəngin qundağının hazırlanması üçün istifadə olunan qoz ağacı Almaniyadan gətirildiyi üçün silahin istehsalı xeyli baha başa gəlir. Buna görə də, Nobel qardaşları xammalı ölkənin daxilində tapmaq qərarına gəlirlər.
 
Mütəxəssislərdən biri onlara bu cür ağacların Qafqazda, Lənkəran dağlarında bitdiyini deyir. Lyüdviq kiçik qardaşı Roberti Lənkərana göndərir. Lakin axtarışlar bir nəticə vermir və o, əliboş geriyə qayıdır.
 
Geri qayıdarkən onun yolu Bakıdan düşür. Neft sahəsinin inkişaf perspektivi ilə maraqlanan Robert Qara şəhəri o baş, bu baş dolanır, bir çox neft müəssisəsi və zavodlara baş çəkir. İşgüzar gənc tez bir zamanda əsl var-dövlət mənbəyinin burada, Bakıda olduğunu anlayır və neftin ən gəlirli sahə olduğunu başa düşür.
 
“Nobel qardaşları yoldaşlığı” kompaniyasının əsasını qoyan Robert Qara şəhərdə neftayırma zavodu alır.
 
Qısa müddət ərzində kompaniya sahibləri Suraxanı, Balaxanı və Bibi-Heybətdə yataq sahiblərinə çevrilir. Qara və Ağ şəhərlər arasında iri torpaq sahələrini icarəyə götürən qardaşlar neft emalı, kükürd turşusu, mis əritmə, çuqun tökmə zavodları və gəmilər üçün yanalma körpüləri tikdirir. “Nobel qardaşları” firmasının 5 illik yubileyi qeyd olunan zaman onun ümumi kapitalı 3 milyon rubla bərabər idi.
 
Nəticədə Nobellər nəhəng neft maqnatına çevrilir və Rusiyanın əsas bazarlarını öz əlində cəməyir. Nobellərin neft imperiyasında 30 mindən artıq işçi çalışırdı.
 
1876-cı ilin payız aylarında sənaye istehsalının müasir təşkilinə yaxından bələd olan bacarıqlı mühəndis Lyüdviq Nobel Bakıya köçür. O, ruh yüksəkliyi ilə neft sahəsinin yenidən qurulması ilə məşğul olmağa başlayır. 1882-1883-cü illərdə kompaniya öz firmasının işçiləri üçün “Villa Petrolea” (indiki Lunapark) adlı bağ salır. Bacalarından qatı tüstü çıxan zavodların arasında yerləşən bu bağ əsrarəngiz cənnətə bənzəyir.
 
Əsrin əvvəlində Abşeron yarımadası milyonçuların və balıq hasilatı sahiblərinin diqqətini cəlb edir. Nobel qardaşları Müqəddəs  adanı (“Pirallahı”) icarəyə götürür, 1904-cü ildə isə burada zəngin neft yatağı aşkar edərək hasilata başlayır. Qısa bir müddət ərzində kiçik balıqçı qəsəbəsi sənaye şəhərciyinə çevrilir.
 
Pirallahı adasında qədim zamanlardan bəri kiçik çalalardan, əl ilə qazılmış quyulardan vedrə və tuluqlar vasitəsi ilə neft çıxarırdılar. Atəşpərəstlərin məbədi Atəşgah və Pir də burada yerləşdiyi üçün ada “Pirallahı” adlanır.
 
70-ci illərin sonuna qədər neft çəllək və tuluqlarla araba vasitəsi ilə daşınıb: Bu çox primitiv və baha başa gələn vasitə idi. Buna görə də Nobel qardaşları ilk dəfə olaraq (1878-ci ildə) Balaxanıdan Qara şəhərə neft borusu çəkməyə başlayır. Tezliklə neftin daşınma sürəti xeyli artır. 3 min ton tutumu olan bir tanker 9 min çəlləyi əvəz edir.
 
Nobellər texnikanın, nəqliyyat vasitələrinin təkmilləşdirilməsi üçün pul əsirgəmirdilər. Onlar nəinki Bakıda, həmçinin Şimali Qafqazın bir çox bölgəsində - Qroznıda, Maykopda “qara qızıl” yataqlarına sahib olurlar. Bir müddətdən sonra Alfred Nobel özünün bütün varidatını kimya, fizika, tibb, ədəbiyyat, fiziologiya və sülh uğrunda mübarizə sahələrində mükafat təqdim etmək üçün xüsusi yaradılmış fonda miras qoymaq qərarına gəlir.
 
Beləliklə də, dahi elmi tədqiqatlara, inqilabi ixtiralara və ya mədəniyyətə və ictimaiyyətin inkişafına verdiyi töhfələrə görə hər il təqdim olunan ən nüfuzlu beynəlxalq mükafat - Nobel mükafatı meydana gəlir.