Xəbərlər

“Doğma diyar” uşaq rəsm müsabiqəsi davam edir

Xətai Sənət Mərəzi “Nəsimi ili” çərçivəsində elan olunan “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir. Sərgi Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, habelə Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

 

Bu barədə AZƏRTAC-a məlumat verən Xətai Sənət Mərəzinin direktoru Zahid Əvəzov bildirib ki, müsabiqə uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hisslərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması, eyni zamanda şagirdləri əhatə edən təbii mühiti, onların vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilib.

 

Müsabiqədə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündəki “Doğma diyar” afişasına toxunaraq və ya http://xsm.az/site/doqmadiyar/ linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldura bilərlər. Dekabrın 7-dək davam edəcək müsabiqəyə seçim iki yaş kateqoriyası üzrə - 12 yaşa qədər və 12-17 yaşarası aparılır. Ən çox uşaq və yeniyetmələrin öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək. Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

 

Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.

 

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif ediləcək.