Ç

Çay

Çay kolunun xüsusi şəkildə hazırlanmış yarpaqlarının qaynadılması və dəmlənməsi yolu ilə əldə edilən içki.
 
Populyarlığına görə sudan sonra ikinci yeri tutur.
 
Cənub-Qərbi Çin, həmçinin Yuxarı Birma və Şimali Vyetnam çayın vətəni sayılır.
 
Çay haqqında ilk məlumatlar qədim dövrlərdə rast gəlinir. Çin, Hindistan və Yaponiya əfsanələrində yabanı bitən çayın necə kəşf olunduğu deyilir. Çayın Çində 220-280-ci illərdə istifadə olunması tarixi abidələrdə öz əksini tapır. Bu bitkinin becərilməsi 350-ci ilə təsadüf edir.
 
Əvvəlcə hökmdarlar və rahiblər çayı yorğunluğu çıxaran, gücü və görmə qabiliyyətini bərpa edən şəfaverici içki və ya məlhəm kimi istifadə edib.
 
İçki kimi isə çay V əsrdən yayılmağa başlayıb. Çayın dəyəri yüksək qiymətləndirilib – imperatorlar bəxşiş kimi onu öz əyanlarına hədiyyə edib.
 
VI əsrdə çay zadəganların sevimli içkisi olsa da, artıq X əsrdən etibarən Çinin milli içkisi halına gəlib. Çay XVI-XVIII əsrlərdə portuqaliyalı və niderlandlı tacirlər vasitəsi ilə Avropaya gətirilib. Bu içki insan orqanizminə müsbət təsir edir, həyat funksiyalarını gücləndirir, susuzluğu yatırır.