Bu maraqlıdır!

Sürət

Bu gün sizə sürətdən danışacayıq. Avtomobilin sürəti saatda 72 kilometrdir. Bu o deməkdir ki, avtomobil 1 saatda 72 kilometr məsafə qət edir. Sürəti saniyədə metrlə də ölçmək olar. Bir saatda 72 kilometrin bir saniyədə neçə metr olduğunu ifadə etmək üçün ilk növbədə 72 kilometrin 72 min metrə, bir saatın isə 3600 saniyəyə bərabər olduğunu yada salmaq lazımdır.  72 min metri 3600 saniyəyə böləndə, saniyədə  20 metr məsafə alınır.
 
Bu, böyük sürətdirmi?  Yox, o qədər də böyük sürət deyildir. Bu, şəhərdə avtomobilin orta hərəkət sürətidir. Külək də eyni sürətlə əsə  bilər. Belə küləkdə ağaclar möhkəm yırğalanır, qocalmış və kökündən çürümüş olanlar yerindən qopur, budaqları qırılır. Amma bu, hələ qasırğa deyil. Qasırğalı küləyin sürəti saatda 100 kilometrdən çoxdur (saniyədə təqribən 30 metr), hərçənd ayrı-ayrı hallarda saatda 350 kilometrdən çox olur. 
 
Təyyarənin sürəti, təbii ki, avtomobilinkindən böyükdür. Reaktiv təyyarələrdə saatda 950 kilometrdən 1000 kilometrədəkdir. Amma elə təyyarələr var ki, onlar hətta səsdən iti sürətlə uçur. Belə təyyarələrin sürəti saniyədə təqribən 340 metrdir. Təyyarələrin sürəti çox vaxt max deyilən xüsusi ölçü vahidi ilə ölçülür.  Bir max havada səsin sürətinə bərabərdir. Müasir təyyarələrin sürəti 3 maxa çata bilər. 
 
Gəmilərin sürəti də müxtəlifdir. Çox vaxt onların sürəti dəniz mili ilə ölçülür. Bir dəniz mili saatda 1,852 kilometrə və ya təqribən saniyədə 0,5 metrə bərabərdir. Məsələn, kreyserin sürəti 137 dəniz mili, yəni saatda 252 kilometr və ya saniyədə 70 metrdir. 
 
Bəs kosmik sürət necədir? Onların üçündən danışaq. 
 
Birinci kosmik sürət təqribən saniyədə 8 kilometrdir. Bu, raketin kosmik gəmini Yer ətrafında orbitə çıxara bilməsi üçün ona verilən sürətdir. Xatırladaq ki, ilk dəfə bu sürət 1957-ci il oktyabrın 4-də əldə edilib. Onda SSRİ-də Yerin ilk süni peyki buraxılıb və kosmik era başlanıb. 
 
İkinci kosmik sürət saniyədə 11 kilometrdən azacıq  çoxdur. Belə kosmik sürətlə raket  Yerin cazibə qüvvəsini dəf edərək  Aya və planetlərə gedib çıxa bilər. İlk dəfə belə sürət 1959-cu il yanvarın 2-də əldə edilib. Həmin il SSRİ-də Aya raket buraxılıb. 
 
Üçüncü kosmik sürət saniyədə təqribən 17 min kilometrdir. Bu cür sürətlə kosmik aparat  hətta Günəş sisteminin hüdudlarından kənara çıxa bilər. 
 
Bildiyiniz kimi, təbiətdə ən böyük sürət var. Bu sürət saatda təqribən 300 min kilometrə bərabərdir. Vakuumda işığın sürəti məhz bu qədərdir. İşıq sürəti səs sürətindən 880 min dəfə çoxdur. İşıq Günəşdən Yerə  8 dəqiqə 20 saniyəyə, ulduz və qalaktikalardan uzun illər ərzində (on və yüz min ildən tutmuş milyon ilə qədər) gəlib çatır. 
 
İşığın son sürətlə yayılması fikri ilk dəfə Qalileyin ağlına gəlib. O, hətta bu sürəti müəyyən etməyə cəhd göstərib, amma heç nəyə nail olmayıb. Bunu 1676-cı ildə Yupiterin İo peykinin tutulmalarını müşahidə edən zaman astronom O.Remer hesablayıb. Nəticə dəqiq olmasa da, aydın məsələ idi ki, söhbət çox böyük sürətdən gedir. Başqa alimlər də maraqlı laboratoriya təcrübələri aparan zaman işıq sürətinin kəmiyyətini dəqiqləşdirməyə çalışıblar. Radiolokasiya və lazer lokasiyası kəşf ediləndə işıq sürətinin müəyyən edilməsinə dair təcrübələr daha daha da təkmilləşib. Hazırda vakuumda işıq sürətinin dəqiq qiyməti  saniyədə 299 milyon 792 min 458 metrdir. 
 
Bəs canlı təbiətdə hansı sürətlər var? Bilirsiniz ki, tısbağa çox ləng hərəkət edir. Onun sürəti saatda təqribən 0,2 kilometr və ya saniyədə 0,05 metrdir. Ən sürətli heyvan geparddır. Onun sürəti saatda 122 kilometrdir və ya saniyədə 31 metrdir. Deməli, hepard avtomobili ötüb keçə bilər. İnsan adətən saatda 4 kilometr sürətlə hərəkət edir.