Xəbərlər

Məktəblərdə kiçik summativ qiymətləndirmələrin rəqəmsal təşkilinə başlanılıb

Cari tədris ilində ümumtəhsil məktəblərində kiçik summativ qiymətləndirmələrin rəqəmsal təşkilinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məktəbdaxili rəqəmsal qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının artırılmasında, qiymətləndirmə vasitələrinin hazırlanmasında və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.
Ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilər. Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib.
Qeyd edək ki, məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə ötən tədris ilindən pilot olaraq başlanılıb.