Bu maraqlıdır!

Daşqın zamanı nə etməli?

Ən ağır təbii fəlakətlərdən biri də daşqındır. Daşqınlar çaylarda suyun səviyyəsinin kəskin surətdə qalxması nəticəsində yaranır. Güclü leysan, qarın sürətlə əriməsi və digər səbəblərdən yaranan daşqın bəzən böyük fəlakətlərə səbəb olur: yollar, körpülər, evlər dağılır, insanlar və digər canlılar  məhv olur.

 

Bəs daşqın zamanı nə etmək lazımdır?

 

Bəzi ərazilər var ki, daşqınlara tez-tez məruz qalır. Əgər sən belə bir ərazidə yaşayırsansa, ərazini ətraflı öyrənməlisən. Daşqın zamanı qaçıb daldalanmaq üçün əvvəlcədən yer müəyyənləşdirməlisən. Yüngül qayıq, digər xilasedici vasitələr,  rezin çəkmələr hazır vəziyyətdə olmalıdır. Ərzaq ehtiyatı, su, lazımi dərmanlar, isti geyim tədarükü görməlisən.

 

Daşqın zamanı təxliyə barədə elan da verilə bilər. Həmin elana etinasız yanaşmaq olmaz. Bu, sənin həyatını təhlükə qarşısında qoya bilər. Evi tərk edərkən mütləq işığı söndürmək, qazı bağlamaq lazımdır! Əgər daşqın səni qəflətən yaxalayıbsa, onda binanın və ya evin yuxarı mərtəbəsinə, damına, çardağına çıxa bilərsən. Dara düşərkən gündüzdürsə dəsmalla, gecələr isə fənərlə siqnal verə bilərsən.

 

Xilasedicilər köməyinə çatıbsa, onların dediklərini dərhal yerinə yetir. Səndən başqa digər zərərçəkənlərin də xilasedicilərin yardımına ehtiyacı olduğunu unutma. Su çəkildikdən sonra böyüklər evin qəzalı vəziyyətində olub - olmamasını yoxlamalıdırlar. Otaqların havası təmizlənməlidir. Unutma ki, evə daxil olarkən işıqları dərhal yandırmayın! Çünki elektrik naqilləri və digər kommunikasiya xətləri nasaz halda ola bilər.

 

Daha bir əsas məsələ. Daşqından sonra tam təmizlənməmiş quyudan su içmək olmaz!