Bu maraqlıdır!

İşıq hadisələri

Göy qurşağı; əşyanın saldığı kölgə; mavi səma; ətraf aləmin rəngarəngliyi – bütün bunlar işıq hadisələrinə dair yalnız bir neçə nümunədir. Bu hadisələr fizikanın “optika” (“optike” yunan sözü olub, görmə qavramaları haqqında elmdir) adlanan bölməsində öyrənilir. İşıq mənbələri sizə yaxşı tanışdır. Onları təbii (Günəş, ulduzlar) və süni (elektrik lampaları) mənbələrə ayırmaq olar. Düz xətt üzrə yayılması işığın ən mühüm xüsusiyyətidir. Yalnız bu halda kölgənin əmələ gəlməsi, habelə Günəş və Ay tutulması mümkün olur. 
 
İşıq şüaları maneələrdən əks olunur. Şüalar güzgüyə düşəndə elə əks olunur ki, biz güzgüdə əşyanı boyu bərabərində görürük. Əgər şüalar kələ-kötür səthə düşürsə, onlar bütün tərəflərə əks olunur və səthi işıqlandırır. Məhz buna görə də biz işıq saçmayan əşyaları, o cümlədən planetləri və onların peykləri olan səma cisimlərini görürük. İşıq şüaları havada hər hansı şəffaf mühitə (suya və ya şüşəyə) düşəndə sınır. İçərisində su olan stəkandakı qaşığa yandan baxanda görərsiniz ki, hava ilə suyun ayrıldığı sərhəddə qaşığın “sınması” baş verir.
 
Ağ işıq üçüzlü şüşə prizmaya düşəndə sınaraq, yeddi rəngə parçalanır. Buna dispersiya hadisəsi deyilir. Rənglər həmişə müəyyən qaydada yerləşir: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Bu rəngli zolaq spektr adlanır. Rənglərin ardıcıllığını sadə cümlə ilə yadda saxlamaq olar: “Qarı Nənə Səksən Yaşında Məxmər Gülə Bənzəyir”. Təbiətdə də dispersiya müşahidə olunur. Göy qurşağını yada salın. Göy qurşağı günəş işığının yağış damcılarında prizmarda olduğu kimi sınması hesabına əmələ gəlir. 
 
Bəs işıq nədir? Bu suala cavab tapmaq üçün alimlər çox baş sındırıblar. Cavab tamamilə gözlənilməz olub. Məsələ bundadır ki, işıq bəzi hallarda özünü zərrəcik seli (onları işıq kvantları, yaxud foton adlandırırlar), digər hallarda dalğa kimi aparır. Məsələn, CD-ROM disklərinin əlvanlığı işığın dalğa xassələrini göstərir. Kometa quyruqlarının Günəşdən uzaqlaşması isə işıq təzyiqi ilə bağlıdır. Burada işıq özünü zərrəcik seli kimi aparır. 
 
Ətraf aləmin dərk olunmasında işığın əhəmiyyətini lazımınca qiymətləndirmək mümkün deyil. Axı biz informasiyanın çoxunu məhz işıq sayəsində əldə edirik. Səma cisimlərindən bizə gəlib çatan işığın tədqiq edilməsi bu cisimləri yaxından öyrənməyə imkan verir. Bu zaman səma cisimlərinin spektrləri xüsusilə əhəmiyyətli rol oynayır. Spektrlər bir növ onların “pasportudur”. Astronomlar səma cisimlərinin spektrlərini tədqiq edərək onların temperaturu, kimyəvi tərkibi, Yerə yaxınlaşması və ondan uzaqlaşması sürəti barədə informasiya əldə edirlər. Gündəlik həyatımızda eynəkdən tutmuş teleskopa qədər müxtəlif optik cihazlarla qarşılaşırıq. Qeyd edək ki, işıq hadisələrini tədqiq etmədən bu cihazları yaratmaq mümkün olmazdı.