Mədəni irsimiz

Qarabağın Malıbəyli xalçası

Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən Malıbəyli xalçaları öz adını Şuşa şəhərindən 15 km şimalda yerləşən Malıbəyli kəndinin adından götürmüşdür. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olurdular. Onların xalçaları bütün Qarabağda məşhur idi. Haqqında danışılan xalça yalnız Malıbəylidə deyil, həm də Qarabağın digər xalçaçılıq məntəqələrində toxunurdu. Bu kənd xalçaçılıq məhsullarının istehsalı ilə məşhurdur: çuval, xurcun, mərfəş, yəhər üstü örtük və s. Bunlar məişətdə və kənd–təsərrüfatında geniş istifadə olunurdu. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr də toxunurdu, onun naxışları orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır. 


Malıbəyli xalçasının orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə yerləşmiş qellər təşkil edir. Bu qellər orijinal bədii xüsusiyyətlərə malikdir: onlar orta sahənin hansı hissəsində yerləşməsinə və kəmiyyətinə baxmayaraq, formalarına görə eynidirlər. Hər bir qelin mərkəzində hovuz təsviri yaradan kvadrat formalı element yerləşir, onun üzərində isə əks tərəflərə baxan iki ördək təsvir edilir. Ördəklər həyat əhəmiyyətli ünsürlərdən biri olan suyu simvolizə edən 5 formalı naxışlarla əhatə olunur. Kvadratlar özləri isə bulud təsviri yaradan naxışların forması olan ilanabənzər elementlərlə əhatə olunur. Məlum olduğu kimi, dekor elementi və bulud təsviri kimi Şərq dekorativ incəsənətinin bütün sahələrində qədim zamanlarda və orta sahələrdə istifadə olunan ördək təsvirləri xüsusilə suyu simvolizə edən rəmzi mənaya malikdir. IX əsrdən etibarən, bulud təsviri və uyğur – çin incəsənətinin, xüsusilə miniatür və saxsı məmulatlarının digər dekorativ elementləri Azərbaycan xalq incəsənətinə daxil olur.

 

Azərbaycan incəsənətinin bu elementləri belə asanlıqla qəbul etməsinin səbəbi yerli ictimai şərtlərlə, dini inanclarla və əhalinin həyat tərzi ilə bağlıdır. Yaxın Şərq ölkələrində və Azərbaycanda suyu balıq, ördək, düz və dalğalı xətlər və ya onların hissələri şəklində təsvir etmişlər.