R

Mstislav Rostropoviç

Violonçel ifaçısı, pianoçu və dirijor, ictimai xadim, pedaqoq. SSRİ-nin xalq artisti (1966). “Qremmi” mükafatının beşqat laureatı.
 
1927-ci il martın 27-də Bakı şəhərində anadan olub.
 
1945-ci ildə Moskvada musiqi ifaçılarının III Ümumrusiya müsabiqəsinin qalibi olaraq violonçel ifaçısı kimi şöhrət qazanıb.
 
Beynəlxalq müqavilələr və turlar sayəsində Rostropoviç Qərbdə də tanınıb.
 
17 il ərzində Vaşinqtonda Milli Simfonik Orkestrinin aparıcı dirijoru və bədii rəhbəri işləyib.
 
1993-cü ildən Moskva Konservatoriyasının fəxri professoru, Fransanın İncəsənət Akademiyasının həqiqi üzvü, dünya ölkələrinin 50-dən artıq universitetinin fəxri doktoru olub. Azərbaycan Respublikasının “Şöhrət”, “İstiqlal” və “Heydər Əliyev” ordenlərinin sahibidir.
 
Rostropoviçin violonçel ustası kimi repertuarına klassik bəstələrlə yanaşı şəxsən onun üçün yazılmış 140-dan artıq müasir əsər də daxildir. 60-a yaxın bəstəkar, o cümlədən Sergey Prokofyev, Dimitri Şostakoviç, Boris Çaykovski, Benjamin Britten, Luçano Berio, Alfred Şnitke, Leonard Bernstayn, Anri Dyutiye, Olivye Messian, Vitold Lyutoslavski, Kşiştof Pendereski və başqaları öz bəstələrini Rostropoviçə həsr edib.
 
2002-ci ildə Londonun “The Times” qəzeti Rostropoviçi “hazırda yaşayan ən dahi musiqiçi” adlandırıb.
 
Rostropoviç xeyriyyəçilik fəaliyyəti ilə də məşhurdur. O, Rusiyanın uşaq müalicə müəssisələrinə yardım göstərən Vişnevski-Rostropoviç Xeyriyyə Fondunun prezidenti olub.
 
2007-ci il aprelin 27-də Moskvada vəfat edib.