Bu maraqlıdır!

Fizika

“Fizika” yunan sözü olan “physics” sözündən əmələ gəlib və mənası “təbiət” deməkdir. Təbiətin tədqiqinə həsr edilmiş ilk kitab belə adlanırdı. Bu kitabı  hələ eramızdan əvvəl IV əsrdə Aristotel yazmışdı. Fizika təbiət haqqında əsas elmlərdən biridir. O, mexaniki, istilik, elektrik və maqnit hadisələrini öyrənir, təbiətdə baş verən hadisələrin və proseslərin tabe olduğu qanunları müəyyən edir. Yaşadığımız dünyanı dərk etmək o qədər də asan deyildir. Sadə və mürəkkəb təcrübələr (eksperimentlər) burada böyük rol oynayır. 
 
Amma fiziklər bununla məhdudlaşmırlar. Təcrübələrin nəticələri alimlərə fiziki qanunlar və nəzəriyyələr yaratmaq imkanı verir. Buna görə də riyaziyyatı bilmək əsas şərtdir. Riyaziyyatı müasir fizikanın dili adlandırırlar. Fizik olmaq üçün riyaziyyatla ciddi məşğul olmaq lazımdır. Fizikanın daha bir mühüm köməkçisi astronomiyadır. Bu elm həmişə astronomiya ilə yanaşı inkişaf edib. Məsələn, astronomiyanın köməyi ilə Ümumdünya cazibə qanunu kəşf edilib, işığın sürəti ölçülüb. 
 
Müasir fizikada Kainat nəhəng fiziki laboratoriya rolunu oynayır. Burada ifrat yüksək və ifrat aşağı temperaturlar, ifrat yüksək və ifrat aşağı təzyiqlər (məsələn, ulduzlarda); güclü qravitasiya və maqnit sahələri tədqiq edilir. Bütün bunlar kosmosda var.  Yer kürəsindəki laboratoriyalarda isə onları yaratmaq çox çətindir və  ya qeyri-mümkündür. 
 
Kainatın möhtəşəmliyini və nəhayətsizliyini, dünyanın fiziki və astronomik mənzərəsini canlandırmağa çalışan filosoflar fizika və astronomiyanın məlumatlarına əsaslanırlar. Bir çox digər elmlər də, o cümlədən kimya, biologiya, coğrafiya fizikasız keçinə bilmir. Fizika texnikanın əsasını təşkil edir. Mühəndis və ixtiraçılar fizikanı dərindən bilməlidirlər. 
 
Məişətdə istifadə etdiyimiz bütün cihaz və mexanizmlər, habelə nəqliyyat, müxtəlif binaların tikintisi və hərbi texnika fizika elminin nailiyyətləri əsasında yaradılır. Əlbəttə, kosmosu da fizikasız fəth etmək mümkün olmazdı. 
 
Fiziki nəzəriyyələr
 
Fiziklər təbiəti təcrübə və müşahidələrindən irəli gələrək dərk edirlər. Sonra fərziyyələr (“hypothesis” yunan sözü olub,  əsas, təxmin deməkdir) irəli sürürlər. Fiziki nəzəriyyə yaratmaq üçün fərziyyəni təcrübədə yoxlamaq və riyazi formada ifadə etmək lazımdır. Dərketmə prosesini belə bir misalla izləyək.
 
Qaliley cisimlərin düşməsi hadisəsinə diqqət yetirib (müşahidə); bu hadisəni tədqiq etmək üçün Piza qülləsindən kürələr atmaqla təcrübələr aparıb (eksperiment); bir neçə nəticə əldə edib, amma “Cisimlər nə üçün düşür?” sualına cavab verə bilməyib. Nyuton fərziyyə irəli sürüb ki, cisimlər Yerin cazibəsinə görə düşür. O, müşahidə etdiyi hadisələri öyrənərək və ümumiləşdirərək özünün cazibə qanununu yaradıb.
 
Amma iki əsr sonra Eynşteyn ümumi nisbilik nəzəriyyəsini işləyib hazırlayıb və Nyutonun nəzəriyyəsini də xüsusi nəzəriyyə kimi bura daxil olub. Hazırda Eynşteynin nəzəriyyəsi müasir cazibə qanunu sayılır. O, çox mürəkkəbdir və məktəbdə öyrənilmir. Amma molekulyar-kinetik nəzəriyyə məktəbdə ətraflı öyrənilir. Bu nəzəriyyəyə görə, bütün cisimlər hərəkət edən və bir-birinə təsir göstərən molekullardan və ya atomlardan ibarətdir. 
 
Böyük Amerika fiziki R.Feynman bu nəzəriyyənin bəşəriyyətin inkişafında rolu barədə yaxşı sözlər deyib: “Əgər dünyanı bürüyən hər hansı fəlakət nəticəsində bütün elmi biliklər məhv olsaydı və canlı varlıqların gələcək nəsillərinə yalnız bir fikir çatsaydı, ən az sayda sözdən tərtib edilmiş hansı fikirdə daha çox informasiya olardı? Hesab edirəm ki, bu - molekulyar-kinetik nəzəriyyədir”. 
 
Bir daha vurğulayaq: alimlər fiziki nəzəriyyələri özlərindən uydurmurlar, onları bəzən illər, onilliklər və hətta əsrlər vaxt aparan tədqiqatlar nəticəsində yaradırlar.