Bu maraqlıdır!

Vikinqlər – dəniz fatehləri

Bu amansız və döyüşkən xalq IX əsrin əvvəllərindən XI əsrin ortalarınadək təqribən üç əsr ərzində bütün Avropanı vahimə içində saxlayıb. Vikinqlər parlaq zolaqlı yelkənli gəmilərində bir göz qırpımında haradansa peyda olur, hücum çəkərək qarət edir və əsir götürərək yenidən öz sürətli gəmilərində gözdən itirdilər.
 
Azğın quldurlar, cəsur və qorxmaz döyüşçülər və təcrübəli dənizçilər olan vikinqlərin şöhrəti əsrləri aşıb. Bu sərt döyüşçülər kim idi?  Əslində, bu insanlar ilk baxışda nəhəng təsiri bağışlamırdılar. Aralarında pəhləvan gücünə malik olanların sayı da bir o qədər çox deyildi. Amma çox cəsarətli, son dərəcə qətiyyətli idilər, bir-biri uğrunda candan keçməyə, son damla qanınadək döyüşməyə hazır olmaq əzmi ilə fərqlənirdirlər. Onların hamısı əslən Şimali Avropadan idi.
 
Müasir norveçlilər, danımarkalılar və isveçlilər vikinqlərin nəslindəndir. Rusiyada onları varyaq, Qərbi Avropada norman, yəni “şimal adamları”, Skandinaviyanın özündə isə vikinq adlandırırdılar. Qorxu bilməyən şimal adamları həm dənizdə, həm də quruda qələbə qazanırdılar. Torpaqlarının qeyri-münbit olması onları başqa ərazilərə hücum çəkməyə sövq edirdi. Onlar Atlantik okeanın coşqun sularında balıq tutmaq və sərt torpaqlı əkin yerlərini şumlamaq üçün qadınları, uşaqları və qocaları evdə qoyub,  təhlükəli dəniz macəralarına atılırdılar. 
 
Şimal döyüşçüləri təkcə iti qılıncları ilə şöhrət qazanmamışdılar. Onlar həm də mahir sənətkar idilər. Vikinqlərin yürüşlərindən sonra yalnız yandırılmış torpaq qalırdı.  Qılınc, döyüş baltaları, qalxan və nizələrlə silahlanmış vikinqlər bədahətən hücum edirdilər. 
 
Gəmi düzəltmək vikinqlər üçün su içmək kimi asan idi
 
Vikinqlər o dövrün ən mükəmməl gəmilərinə malik olmasaydılar, çətin ki, belə qorxunc şöhrət  qazanardılar. Onlar öz gəmilərini sevə-sevə “dəniz atı” adlandırırdılar. Bu gəmilərin uzunluğu 50 metr, eni 3-5 metr idi. Yüngül olduğu üçün sürətlə üzür və əla manevr edirdi. Böyük yelkən 200 qoyunun yunundan hazırlanırdı. Sudan qorumaq üçün onu at piyi ilə yağlayırdılar. Sakit havada dənizçilər avar çəkirdilər.
 
Vikinqlərin gəmilərinin burnu əjdaha başı şəklində idi. İnanclara görə, əjdaha gəmini və onun heyətini şər qüvvələrdən qoruyurdu. Vikinqlər coğrafi xəritələr tərtib etməyi bacarmırdılar və Günəşi əsas istiqamət götürürdülər. Belə gəmilər vikinqlərin uzaq torpaqlara yürüşlər etmələrinə imkan verirdi. Onlar Şimal qütbündəki dənizlərdə dolaşır, ən cəsarətliləri isə Amerika torpaqlarına ayaq basmışdı. 
 
Vikinqlər Amerikanı necə kəşf etdilər?
 
Vikinq Eyrik Raudi və oğlu Leyv Eyrikkson vikinqlər arasında ən məşhur səyyahlar sayılır. Kürən ləqəbli Eyrik 982-ci ildə Şimal Atlantik okeanının sularını tədqiq edərkən tamamilə yeni torpaq kəşf edib və onu Qrenlandiya (“Yaşıl torpaq”)  adlandırıb. Adaya bu adı verərkən, görünür, dünyanın bu ən iri, eyni zamanda həyat üçün az yararlı olan məkanına yeni mühacirlər cəlb etmək istəyib. Eyrikin oğlu Leyv Amerika torpağına Kolumbdan 500 il əvvəl qədəm qoymuş ilk avropalıdır. Vikinqlər dəfələrlə Amerikada olublar və orada çoxlu evlər tikiblər. Amma ürəkləri daim Avropa ilə döyünüb. Görünür, hindiların nizə və oxları da onları bu torpaqlardan qaçıran əsas səbəblərdən biri olub. 
 
Roma təslim oldu, illüziya deyilmi?
 
Dəmirböyür ləqəbli Byorn yerində dinc otura bilmir. O, qüdrətli İmperatorun idarə etdiyi, Papanın özünün oturduğu şəhəri  - Böyük Romanı istila etmək niyyətində olan çoxsaylı vikinq başçılarından biridir. Byornun donanması onlarca gəmidən ibarətdir. Amansız dəniz quldurları barədə xəbərlər bütün Aralıq dənizi regionunu qorxu məngənəsində saxlayır. Qərbi Avropa sakinləri “Bizi normanların azğınlığından qurtar” sözləri ilə Allaha dua edirlər. 
 
Romanı ələ keçirmək üçün Byorn məkrli plan düşünür: guya vikinqlərin başqa bir başçısı – Hastayn ölüb və ölümqabağı xristian kimi dəfn olunmasını istəyib.  Byorn bilir ki, romalılar “bu vəhşiləri” – vikinqləri çoxdan xristian dininə gətirmək istəyirlər. O əmindir ki, romalılar inanacaq  və şəhərin qapılarını açacaqlar.
 
Həqiqətən də hər şey yağ kimi gedir: dəstə kilsəyə daxil olan kimi “mərhum” gözlənilmədən xortlayır və xərəkdən atılır. Vikinqlər qılınclarını sağa-sola oynadaraq hamını qırmağa başlayırlar.  Şəhəri talan etdikdən və qiymətli qənimətləri gəmilərə yüklədikdən sonra “Roma çox asanlıqla təslim oldu” deyərək  bayram edirlər. Artıq geriyə dönmək vaxtı çatıb, amma qaliblərin ürəyinə  anlaşılmaz şübhə hakim kəsilib.  Görəsən bu kiçik şəhər həqiqətən də Romadır? Tezliklə məlum olur ki, onların istila etdikləri şəhərlə Roma arasında 450 kilometr məsafə var. Səhv bax buna deyərlər! Axı bu vəhşi şimallılar haradan biləydilər ki, Roma sarayları necə olur? Axı vikinqlər öz vətənlərində taxtadan tikilmiş sadə evlərdə, bəzən qazmada yaşayırdılar və daş tikililər görməmişdilər. Buna baxmayaraq, yürüş uğurla nəticələndi. Byornun qələbədən məmnun qalmış dəstəsi vətənə böyük qənimətlə qayıtdı...
 
O dövrdə vikinqlər hələ başqa torpaqları işğal etmirdilər. Byorn kimi onlar da tez varlanmaq və zəfər qazanmaq eşqi ilə yaşayırdılar. Sonralar, təqribən 900-cu ildən başlayaraq, vikinqlər işğal etdikləri torpaqlarda məskən salmağa başladılar. Bundan sonra nəinki öz dövrünün ən yaxşı gəmiçiləri, həm də mahir zərgərləri, dəmirçiləri, toxucuları oldular, başqa xalqlarla ticarət əlaqələri qurmağa başladılar. XI əsrin ortalarından etibarən bu dəniz quldurlarının yürüşlərinə son qoyuldu və vikinqlərlə bağlı qorxu və həyəcan dolu bir dövr başa çatdı.