Bayatılar

Laylalar. Nazlamalar

Balam gəlir yatmağa,
Böyüyüb boy atmağa.
Sabah yuxusu şirin,
Qıymıram oyatmağa.

 

Quşlar uçdu havada,
Balası var yuvada.
Gözüm bəndivanındı,
Dilim sənə duvada.

 

Qızılgül bitib suda,
Birin kəs, birin buda.
Mən durum keşiyində,
Sən yat şirin yuxuda.

 

Canım bala, gül bala,
Ana qədrin bil, bala.
Yaman günün gərəyi,
Çağıranda gəl, bala.

 

Dağların lalasına,
Gözlərin qarasına.
Analar qurban olsun
Öz körpə balasına.

 

Laylası dərin bala,
Yuxusu sərin bala.
Tanrıdan əhdim budur,
Toyunu görüm bala. 

 

 

Nazlasın dilim səni,
Böyütsün elim səni.
Meydanda at oynadan
Bir igid bilim səni.

 

Balam yatır beşikdə,
Bülbül oxur eşikdə.
Sən yat yuxun algilən,
Mən durmuşam keşikdə.